"AvtoVAZ" sanksiyalardan yayınmaq üçün Azərbaycanda avtomobil istehsal etməyə başlayıb

Bu ilin mart ayından bəri Rusiyanın "AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" markalı avtomobillərin istehsalına başlayıb. Şirkət 2024-cü il boyunca Azərbaycanda 1 min 500 "Lada" avtomobili hazırlamağı planlaşdırır. Növbəti illərdə bu say 4-5 minə çıxarıla bilər. Əslində, Azərbaycanda avtomobil sənayesi ilə bağlı fəaliyyət göstərən digər şirkətlər kimi, Rusiyanın "AvtoVAZ" şirkətinin də fəaliyyətini avtomobil istehsalı adlandırmaq çətindir. Bu şirkət də, digərləri kimi, fəaliyyətini avtomobilin ehtiyat hissələrini Azərbaycanda birləşdirməklə işini bitmiş sayır.
Qısası, gerçəyə qalanda, Azərbaycanda avtomobil istehsal edilmir, sadəcə digər ölkələrdən gətirilən avtomobil hissələri Azərbaycanda yığılır. Bu baxımdan, müstəqil ekspertlər hər zaman Azərbaycan hökumətinin ölkədə avtomobil istehsalı ilə bağlı açıqlamalarına tənqidi yanaşırlar, axı belə fəaliyyət ölkəyə o qədər nəzərə çarpacaqə əlavə dəyər yaratmır. Əgər həmin avtomobillər ölkədə sıfırdan istehsal edilsəydi, bu həm iş yerlərinin sayını artırar, həm də ixraca xərclənən vəsaiti azaldaraq əlavə dəyər yarada bilərdi.
"AvtoVAZ" şirkətinin nümayəndəsi Azərbaycanda avtomobil istehsalına başlanmasına dair açıqlamasında bildirib ki, istehsalat sahələrindən birində avtomobil dəstlərinin qəbulu, yığılması və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib. Bir sözlə, "Lada" markalı avtomobillərin Azərbaycanda sadəcə yığıldığını təsdiqlənir. Şirkət rəsmisi onu da bildirib ki, Azərbaycanda istehsalın açılması şirkətə bu ölkədə bazar payını bərpa etməyə və brendin mövcudluğunu artırmağa kömək göstərə bilər.

"AvtoVAZ" niyə Azərbaycanı seçdi?


"AvtoVAZ" şirkətinin Azərbaycanda avtomobil yığmağa başlaması ilə bağlı bir məqam da diqqət çəkir: Bu qurum Rusiyanın Ukraynaya hücumundan sonra Qərb ölkələrinin sanksiyalarına məruz qalan şirkətlər arasındadır. Məsələn, bu bir müddət öncə ABŞ Maliyyə Nazirliyi "AvtoVAZ"a qarşı sanksiya tətbiq edib. Bu sanksiyalara görə, "AvtoVAZ"a hər hansı məhsul satan şirkətlər ABŞ-da sanksiyalara məruz qala bilər. Unutmaq olmaz ki, belə sanksiyaların tətbiqi şirkətin xammal alışını çətinləşdirə bilər. Axı "AvtoVAZ" şirkəti də heç də bütün məhsulları özü istehsal etmir. Xaricdən məhsul alışı ilə bağlı çətinliklərsə istehsalı azalda bilər.
"AvtoVAZ"ın Azərbaycanda avtomobil yığımına başlaması barədə Rusiya hökumətinə bağlı "Sputnik" agentliyinin Azərbaycan xidməti məlumat yayıb. Bu xidmətə açıqlama verən Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun eksperti Aleksandr Karavayev də bildirib ki, Azərbaycanda "AvtoVAZ" avtomobillərinin istehsalına başlanılması Rusiya şirkətinə müxtəlif modellər üçün komponentlərin tədarük zəncirini saxlamağa imkan verəcək. Həmin komponentlərin bir çoxu müxtəlif ölkədən, o cümlədən "Renault"un istehsalçısı olan Fransadan alınıb. Bu korporasiya həm iqtisadi, həm də texnoloji baxımdan "AvtoVAZ" ilə çox sıx inteqrasiya olunub. A.Karavayev deyib ki, indi "AvtoVAZ"ın Azərbaycanda hüquqi şəxslər vasitəsilə komponentlərin tədarükü üzrə öz bazarını sabitləşdirmək imkanı var. Beləcə, bəlli olur ki, Rusiya şirkətinin Azərbaycan bazarına girişini məhz buradakı şirkətin digər ölkələrdən rahat idxal gerçəkləşdirə bilməsi şərtləndirib.

Azərbaycanın qazancı nə olacaq?


Azərbaycan rəsmiləri xarici avtomobillərin Azərbaycanda yığılması ilə bağlı addımları bu avtomobillərin daha sərfəli qiymətə başa gələcəyi ilə əsaslandırır. Unutmaq olmaz ki, bir müddət öncə hökumət Azərbaycanda hazırlanan avtomobilləri ƏDV-dən azad etmişdi. Bu məqam, doğrudan da, Azərbaycanda hazırlanan avtomobilləri eyni avtomobillərin idxalı ilə müqayisədə ucuzlaşdıra bilər. Ancaq ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanın avtomobil istehsalı ilə bağlı addımları heç vaxt ölkəyə böyük iqtisadi qazanc gətirməyib. Axı avtomobil istehsalı güclü maliyyə və insan resursları tələb edir. Çoxsaylı cəhdlər olsa da, ölkədə avtomobil istehsalının indiyədək sayca ciddi rəqəmlərə çatmaması bu avtomobillərin rəqabətə dayanıqlı olmadığını göstərir. Ötən il Azərbaycanda cəmi 3 min 738 ədəd avtomobil yığılıb. Eyni ildə Azərbaycana xaricdən 88 min ədəddən çox avtomobil gətirilib. Deməli, Azərbaycanda hazırlanan avtomobillər idxal edilən avtomobil sayının cəmi 4 faizinə yaxındır. Təkcə ötən il avtomobil idxalına 1 milyard 515 milyon dollar xərclənib. Halbuki avtomobil istehsalı ilə bağlı atılan addımlar uğurlu olsaydı, bu vəsaitin önəmli bölümü ölkədə qalardı.
Bu sahədə uğursuzluğun əsas səbəblərindən biri Azərbaycanda Rusiya, Çin və İranın tanınmamış şirkətlərinə məxsus avtomobillərin hazırlanmasıdır. Bu baxımdan, ölkədə avtomobil istehsalı sahəsində daha tanınan avtomobil şirkətlərinin təmsil olunması bu sahədə uğur qazanmağa kömək edə bilərdi. Di gəl, hazırda Azərbaycandakı iqtisadi mühit qlobal şirkətlərə cəlbedici deyil. Ölkədə rəqabət ortamı, qanunun aliliyi, iqtisadi qanunvericilik, investisiyaların qorunması kimi sahələrdə ciddi problemlər var. Bu problemlər aradan qalxmadan daha iri avtomobil istehsalçılarının Azərbaycana maraq göstərməsi inandırıcı deyil. Azərbaycanın özünün yüksək keyfiyyətli avtomobillər istehsal etməsi üçün həm insan resursları, həm də texniki imkanları məhduddur. Bu baxımdan, ölkədə iqtisadi mühitlə bağlı problemlər çözülməsə, bəlli güzəştlər olsa da, avtomobil istehsalında ciddi uğurlar gözlənilən deyil.