Ət bahalaşacaqmı?
Xəbər verdiyimiz kimi xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına, habelə Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanların taunu xəstəliyinin qeydə alınmasını nəzərə alaraq, Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində xəstəliyə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçirib.
Cari ilin 13-29 mart tarixlərində keçirilmiş monitorinqlər zamanı sözügedən sərhədyanı rayonlara aid təsadüfi seçim üsulu ilə təyin edilmiş 65 yaşayış məntəqəsində mövcud olan 195 fərdi və ya fermer təsərrüfatlarında 6-12 aylıq xırdabuynuzlu heyvanlardan 845 diaqnostik nümunələr götürülüb, eyni zamanda ev heyvanları ilə yanaşı, rayonlardakı təbiət ərazilərində vəhşi heyvanlar arasında da klinik müşahidələr aparılıb.
Bəs, bu qadağa daxili bazardakı qiymətlərə necə təsir edəcək?
Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirdi. News365.az-a açıqlamasında o bildirdi ki. AQTA-nın bu qərarı real təhlükəni aradan qaldırmağa hesablanıb:
“Həqiqətən də taun xəstəliyinin Azərbaycana yayılma risqi böyükdür. Ona görə də gözlənilən risqi aradan qaldırmaq üçün AQTA belə bir addım atıb. Nəzərə alaq ki, Azərbaycanda ətə olan tələbatın yarıdan çoxu idxal hesabına ödənilir. Təsadüfi deyil ki, bu idxalda Gürcüstanın da payı var. Lakin, Gürcüstandan gətirilən davarların az bir hissəsi bazara çıxarılır. Əsas hissəsi qapalı təşkilatların istifadəsinə verilir. Ona görə də Gürcüstandan davarların gətirilməsinə tətbiq edilən qadağa quzu ətinin bahalaşmasına hansısa formada təsir edə bilər. Amma bu uzun müddətli olmayacaq”.
Akif Nəsirli bir məqama da toxundu:
“Nəzərə alaq ki, havalar getdikcə istiləşir. İsti havalarda isə ətə olan tələbat xeyli azalır. İnsanlar daha çox tərəvəzə meyl edir. Ona görə də Gürcüstandan gətirilən davarlara tətbiq edilən qadağa quzu ətinin qiymətinə elə də ciddi təsir etməyəcək”.
İlhamə Qiyas