“Azərbaycan dünya üçün strateji enerji tərəfdaşı olacaq”
Prezident İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib.
Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturunun Avropa üçün də çox önəmli olduğunu deyən dövlət başçısı həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərini nəzərdə tutduğunu vurğulayıb: “Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Yəni, bir çox sahələr üzrə - əlbəttə ki, təhsil, humanitar sahə çox önəmlidir. Mən deyə bilərəm ki, son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Mən bunu çox yüksək qiymətləndirirəm”.
Prezident İlham Əliyev bildirib ki, indiki dünyada mövcud olan geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb: “Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı. Bu yaxınlarda Bolqarıstanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılış mərasimində də mən bu barədə məlumat verdim ki, biz ötən il qaz ixracatımızı əvvəlki ilə nisbətən 40 faiz artırmışıq. Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox”.
Dövlət başçısı əlavə edib ki, indi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq: “Həmçinin enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək, yəni, biz bu qədər itkilərlə üzləşməyəcəyik. Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı təsəvvür etmək bir qədər çətindir, çünki daha da çox ola bilər. Biz, əlbəttə ki, çox təvazökarcasına bu rəqəmləri səsləndiririk. O rəqəmləri səsləndiririk ki, onların həyata keçməsinə tam əminik. Amma əminəm ki, daha çox olacaq. Bizim həm qazımız, həm neftimiz, eyni zamanda, elektrik enerjimiz də Avropa qitəsinə ixrac ediləcəkdir. Buna nail olmaq üçün indi konkret proqramlar işlənib hazırlanır, bəlkə də bu haqda danışmaq bir qədər tezdir. Amma ümid edirəm ki, yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacaq. Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır”.