Arıçıların alıcı qayğısı

"Bal ilə sarmısaq girən evə xəstəlik girməz"


Son illər Azərbaycanda arıçılığın inkişafında əhəmiyyətli irəliləyiş hiss edilir. Sovetlər dönəmində yalnız ölkənin dağlıq və dağətəyi rayonlarında arı ailələri bəslənirdisə, indi artıq Kürdəmir, Beyləqan, Saatlı, Sabirabad, İmişli, Biləsuvar və s. kimi aran rayonlarında da iri arı təsərrüfatkarı yaradılıb. Ölkənin bütün rayonlarında demək olar ki, arı ailələri becərilir. Hər on il tonlarla bal istehsal edilir. Lakin arıçıların yeganə qayğısı alıcı qıtlığıdır.
Beyləqan rayonunda 120 arı ailəsi bəsləyən Quliyev Naib bizimlə söhbəti zamanı bildirdi ki, alıcısı olsan 2-3 ilə arı ailələrinin sayını minə çatdıra və hər il onlarla ton bal istehsal edə bilər. Lakin arıçi deyir ki, o qədər balı satmaq, ona alıcı tapmaq çox çətindir. N.Quliyev Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bal yarmarkasında bu il iştirak etməyib. Deyir ki, yarmarkada iştirak üçün xərc çəkməyə dəymir: "Ötən il elə gün oldu ki, bir kiloqram belə bal sata bilmədim. Ona görə də bu il yarmarkada iştirak etməkdən vaz keçdim. Ucuz da olsa, rayonda tanıyanlar, qohum-əqrəba gəlib alır. Amma yenə də 100 arı ailəsinin məhsulunun yarıya qədəri il ərzində zorla satılır. Məcbur olub, qalanıni daha ucuz qiymətə satırıq".


Bu ilki bal yarmarkasında iştirak edən Kürdəmir sakini, arıçı Samir deyir ki, yarmarkada bu il də alıcı qıtlığı yaşanır: "Bununla yanaşı yarmarkada həm də yer qıtlığı var. Avqustun 29-da yarmarkada iştirak üçün elektron müraciət başlandı və 1 sentyabrda başa çatdı. Cəmi 3-4 gün ərzində kim bacarıb müraciət edə bildisə, adı müraciət siyahısına düşdu. Məsələn, Kürdamirdən 5 arıçı CMC-lə müraciət etmişdi, cəmi 2 arıçının müraciətinə müsbət cavab verilib. Astaradan 140 arıçı müraciət edib, onlara cəmi 45 yer veriblər. Ümumi götürsək, hər üç müraciətdən birinə müsbət cavab verilib. Bəs qalan hər 2 arıçının, yəni arıçiların 63 faizin məhsulu necə və harada satılacaq?"
Yarmarka iştirakçılarınin sözlərinə görə, hər bir yer üçün 150 manat ödəyiblər. Hər 150 kiloqram baldan bir nümunə götürülür və hər bir anali nümunəsinin qiyməti 20 manat təşkil edir. Nəzərə alsaq ki, yarmarkaya hər bir müraciəti müsbət cavablandırılan arıçıya 400 kq bal çıxarmaq icazə verilir, hər bir arıçı analizə 100-140 manat pul verir. Ramka hesabı ilə isə hər 10 ramkadan bir nümunə götürülur, yenə hər nümunə vahidi üçün 20 manat ödənilməlidir.


Fikrimizcə, birinci növbədə hökumət arıçılara dəstək məksədi ilə balı bir məhsul olaraq yetərincə reklam etməlidir. Balın sağlamlığa olan əhəmiyyəti geniş əhali kütləsinə təbliğ edilməlidir ki, insanlarda bu məhsula tələbat artsın. Ataların bir deyimi var: "Bal ilə sarmısaq girən evə xəstəlik girməz". Bu atalar sözu sosial reklamların əsas şüarına çevrilməlidir.


İkincisi, hökumət keçirdiyi yarmarkalarda iştiraka məhdudiyyət qoymamalıdı. Müraciət edən bütün arıçıların yarmarkada iştirakı təmin edilməli, yarmarkaya çıxarılan balın həcminə kvota qoyulmanalıdır.


Üçüncüsü, balın laborator müayinəsi və yerlərin ödənişli olmasına bir neçə il tətil verilməlidir. Yəni arıçılar istehsalı genişləndirən və rentabelli fəaliyyətə keçənə qədər bu ödənislər dövlət hesabına həyata keçrilməlidir.


Dördüncüsü, bal yarmarkaları ölkənin bütün iri şəhər və qəsəbələrində təşkil edilməlidir. Belə yarmarkaların təşkilinə rayon icra hakimiyyətləri və səhər bələdiyyələrinin də cəlb etmək olar.

Akif Nədirli