Cavanşir körpüsünün sökülməsi zamanı təhlükəsizlik nəzərə alınmayıb - AÇIQLAMA

Bu gün Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi prosesi başlanılıb.

Lim10.az xəbər verir ki, hazırda ərazidə söküntü işləri davam edir.

Sözügedən ərazidə söküntü ilə məşğul olan işçilərin təhlükəsizlik qaydalarına əməl etməmələri və nəzarətsizlik məqamı vətəndaşları narahat edir.

Belə ki, fəhlələrin heç birinin başında qoruyucu kaska yoxdur.

Bundan əlavə, söküntü işinə cavabdeh olan şəxslər ətrafdan keçən sakinlərin təhlükəsizliyini də tam təmin etməyiblər.

Firaye Allahverdiyeva

Söküntü işləri aparılarkən mütləq qaydada nələr nəzərə alınmalıdır?

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Lim10.az-a açıqlama verib.

O bildirib ki, tikinti və söküntü prosesi getdiyi zaman həmin ərazidə təhlükəsiz əmək şəraiti yaradılmalıdır.

"Orada çalışan işçilərin, kənardan keçən şəxslərin və ya nəqliyyat vasitələrinin təhlükəsizliyi tam təmin edilməlidir. Söküntü prosesində hər hansı dağılma, uçma ehtimalı, daş, metal və ya dəmir parçasının başqasına ziyan verə biləcəyi kimi ən xırda detallar nəzərə alınmalıdır. Çünki burada həm tikintidə çalışan şəxslərin, həm də digər insanların həyat və sağlamlıqlarından söhbət gedir.

Tikinti və söküntü zamanı həm fərdi, həm də kollektiv mühafizə vasitələrindən istifadə olunmalıdır. Fərdi mühafizə vasitələri - işçilərin gördüyü işin spesifikasına uyğun olaraq baş geyiminin olması, hündürlükdə işləyən zaman qoruyucu kəmərdən istifadə etmə, eynək, uniforma, xüsusi ayaq geyimidir. İşçilər hər biri bu mühafizə vasitələri ilə mütləq qaydada təmin olunmalıdırlar.

Kollektiv mühafizə vasitələri zamanı isə ərazinin çəpərə alınması, qoruyucu torların çəkilməsi, kənar şəxslərin əraziyə girişinin məhdudlaşdırılması kimi tədbirlər həyata keçirilməlidir. Qısa şəkildə qeyd etsəm, görüləcək iş tam təhlükəsiz hala gətirildikdən sonra söküntü işləri görülməli və ya görülməsinə göstəriş verilməlidir", - deyə E. Nurəliyev bildirib.

Əzizə İsmayılova