Qubad İbadoğlunun ev dustaqlığı polisin nəzarətinə verilmə ilə əvəzləndi
İqtisadçı Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti avqustun 20-nə qədər uzadılıb.
Bu barədə onun qardaşı Qalib Toğrul məlumat verib. O xatırladıb ki, həbs-qətimkan tədbiri olmadığına görə istintaq müddətinin uzadılması barədə qərarı istintaq orqanı özü verə bilər: "Üç ay uzadılması barədə qərar qəbul edilib".
Q.Toğrul qeyd edib ki, Q.İbadoğlu barəsində aprelin 22-də seçilmiş ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.
Onun sözlərinə görə, qətimkan tədbirinin dəyişdirilməsi nəticəsində Q.İbadoğlunun ayağına vurulmuş elektron qolbaq mayın 20-də çıxarılıb: "Elektron qolbaq olduğuna görə qardaşım müayinələrdən keçə bilmirdi. Bu həftədən başlayaraq polisin nəzarəti altında olmaqla müayinələrdən keçməsini planlaşdırırıq".
Q.Toğrulun bu dediklərini istintaqı aparan Daxili İşlər Nazirliyindən (DİN) dəqiqləşdirmək mümkün olmayıb.
Xatırlatma
Q.İbadoğlu ötən il iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul... və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Q.İbadoğlu ittihamları saxta adlandırıb.
Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.