Mobil telefonlar BAHALAŞACAQ – BU TARİXDƏN
Yeni ildən android smartfon istehsalçıları öz məhsullarının qiymətlərini qaldıracaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə "Digital Trends" məlumat yayıb. Məlumatda deyilir ki, 2024-cü ilin sonuna qədər bir çox yeni smartfonlar indiki modellərdən baha olacaq.
Mütəxəssislər bunu flaqman modellərində istifadə olunacaq "Qualcomm Snapdragon 8 Gen 4" prosessoru ilə əlaqələndiriblər.
Belə ki, yeni çipin istehsalı əvvəlkindən nəzərəçarpacaq dərəcədə baha olacaq. Bu, güman ki, onun istehsalında üç nanometrlik texnologiyadan istifadə edilməsilə bağlıdır. Cihazların gücü artacaq, lakin telefonlar bahalaşacaq. Qeyd edək ki, hazırda "iPhone 15" üç nanometrlik prosessorlarla təchiz edilib.
Bəs, bu qiymət artımı Azərbaycan bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycan da dünyanın bir parçası olduğu üçün baş verən istənilən proses bu və digər şəkildə ölkəmizə təsir edir:
“Ona görə bu qərar android smartfonlarının ilk növbədə dövriyyəsini azaldacaq. Çünki ən son model telefonların qiymətləri ilə əhalinin real gəlirləri arasında tərs-mütənasiblik var. Nəzərə alaq ki, ölkədə infilyasiya davam edir. Bu səbəbdən də android smartfonlarının bahalaşması Azərbaycanda kütləvi olmayacaq. Amma qiymət artacaq, eyni zamanda dövriyyə azalacaq. Yəni bu gün sutka ərzində 100 android smartfon satılırsa, yeni ildən bu ən azı 30-40 faiz az olacaq.
Nəzərə alaq ki, yeni android smartfonları bir sıra texniki üstünlüyə malik olacaq. Bu cür telefonlarsa əsasən iş adamlarına lazım olur. Ona görə də ilin sonuna qədər Azərbaycanda yeni telefonlar bahalaşacaq. Baha qiymətə telefon ala bilməyənlərsə, köhnə nəsil telefonlara üz tutacaq.
Onu da qeyd edim ki, telefon istehsalçıları yeni nəsil telefonlarla yanaşı əvvəlki markaların istehsalını davam etdirəcək. Ona görə də yeni ildən bazarda daha çox əvvəlki nəsil telefonlar dominantlıq edəcək”.
Surxay Atakişiyev,