Dövlət Sərhəd Xidməti (DSX) Qazaxın nəzarətə götürülən kəndləri ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevə .
"Qafqazinfo" xəbər verir ki, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə məruzəni Prezidentə DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi general-mayor Vüsal Sultanov edib.
Vətən müharibəsi iştirakçısı olan V.Sultanov həm də Vətən Müharibəsi Qəhrəmanıdır.
Bildirilir ki, Vüsal Sultanov Vətən müharibəsindəki ən çətin döyüşlərdən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Cəbrayılda Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Belə ki, Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıblar. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX-nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini vəzifəsinə irəli çəkilib. Bir müddət əvvəl isə o, DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.