Haqsız rəqabət, yoxsa haqlı etiraz - İQTİSADÇI AÇIQLADI
“”Trendyol”da qiymətlərin bahalaşması hələ o səviyyədə deyil ki, alıcı həmin qiymətlərdən dolayı yeni qərar qəbul etmək məcburiyyətində qalsın. Məsələn, biz "Trendyol"dan bir geyimi 50 manata alırıqsa və bu geyim Bakıdakı mağazalarda 100 manatdırsa, 50 manatlıq geyim "Trendyol"da 5-10 manat bahalaşırsa yenə də fərqin böyük olduğunu görürük. Bu səbəbdən də son zamanlar daşıma haqqında olan bahalaşma Bakıda yerləşən mağazalar arasında "Trendyol" ilə seçimi müzakirə etməyə şərait yaratmır. Ona görə də "Trendyol"dakı karqo qiymətlərində olan artımın Bakıdakı mağaza sahiblərinə elə ciddi təsiri yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.
Onun sözlərinə görə, "Trendyol" hələ də Azərbaycandakı mağazalardan daha populyar alış-veriş məkanı olaraq qalır: “Karqoda kiçik məbləğdə sifariş edən müştərilərə "Trendyol" sərf etmir. Bəzən kiçik şeylərdə düşünürlər ki, onun "Trendyol"dan gəlməyini gözləməyə dəyməz və elə bir qiymət fərqi də yoxdur. Bu da ciddi təsir hesab olunmur.
Bakıda yerləşən ticarət mərkəzlərində mal dövriyyəsində elə ciddi fərqin olduğu müşahidə edilmir. "Trendyol" populyarlaşdıqdan sonra bir sıra ticarət mərkəzlərində qiymətlərin kəskin ucuzlaşması müşahidə olunur.
Məlumdur ki, yay gəlir və əhalinin yay geyimlərinə tələbatı artır. Bu da "Trendyol"da satış dövriyyəsinin artmasına səbəb olur. "Trendyol"dan hamı istifadə etmir. Elə adam var ki, bunu çətin proses hesab edir və ənənəvi üsulla geyim alır. Bu adamlar mağazalardakı ticarət dövriyyəsinin irəliləməsinə şərait yaradır”.
Ayşən Vəli