İki məhkumun məhkəməsi: "Şəxsi kitabçama baxdığı üçün boğazını kəsdim" -

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən Azər Şalıyevin məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı ittiham aktını elan edib. Belə ki, Cinayət Məcəlləsinin 181 və 234-cü maddələri ilə həbsdə olan Azər Şalıyev ötən ilin 23 fevral tarixində Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşı Şəhriyar Baxşəliyevi öldürməyə cəhd edib. Belə ki, hadisənin baş verməsinə səbəb Şəhriyarın Azərin şəxsi kitabçasına icazəsiz baxması olub.

Hakimin "Özünüzü təqsirli bilirsiniz?" sualına Azər Şalıyev qismən təqsirli bildiyini söyləyərək bildirib ki, cəzaçəkmə müəssisəsində axşam saatlarında çayxanada çay içib məhkumlar üçün olan yataqxanaya qalxıb, görüb ki, Şəhriyar ona məxsus dolabda şəxsi əşyalarına baxıb.

Sonra onu əşyalar saxlanılan yerə çağıraraq Şəhriyarın sifətinə xəsarət yetirmək - çapıq atmaq istəyib, ancaq ülgüc onun üzünə yox, boğazına dəyib. Bundan sonra Şəhriyarı yardım göstərmək üçün tibb məntəqəsinə aparıblar:

"Mən onu cəzalandırmaq istəmişəm, öldürmək yox. İlk dəfə də mənə yüngül maddə ilə cinayət işi başladılar sonra ağır maddəyə tövsif elədilər. Çapığı o adamın sifətinə qoyurlar ki, həmin şəxs böyük bir səhv edir".

Sonra təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadə elan olunub. Məlum olub ki, Şəhriyar Baxşəliyev yazıb-oxumağı bilmir, yəni kitabçaya başqa məqsədlə baxmayıb. Niyyəti isə onu öldürmək olub.

Məhkəmə prosesi iyun ayının 12-nə kimi təxirə salınıb.