İRAN AZƏRBAYCAN SİYASƏTİNİN FORMASINI DƏYİŞDİRDİ
II YAZI
Birinci yazıda İranın Azərbaycan siyasətinin əsaslarını saydım. Bu yazıda isə İran molla diktaturasının Azərbaycana qarşı niyə açıq siyasət tətbiq etdiyini təhlilə çalışacağam:
- İran molla diktaturasının Azərbaycana qarşı yeni siyasətinin adı AÇIQ/BİRBAŞA QORXUTMADIR. Molla rejimi Azərbaycanı hər zaman açıq, ya da gizli biçimdə təhdid edib, ancaq bunu bəlli bir ölçüdə tutub, yazılar yazdırıb, aşağı səviyyəli vəzifəsi olan məmurları danışdırıb, üzə gülüb, kürəyə bıçaq dirəyib, Ermənistana həm yardım göstərib, həm də bu yardımı inkar edib, barmağını da silkələyib, əl də uzadıb... Bu gün isə: 1) molla diktaturasının ən yüksək səviyyəli təmsilçiləri Azərbaycanı hədələyirlər; 2) rejim Ermənistanla əlaqələrini gizlətmir, əksinə, açıq biçimdə göstərir, bilinməsini istəyir, deyir ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. Qeyd etmək zəruridir ki, İranla Ermənistanın münasibətləri birmənalı deyil, Azərbaycana münasibətdə birləşirlər, İran Ermənistanı gücləndirir, təşviq edir ki, Azərbaycanla savaşsın, Ermənistan da istəyir ki, İran Azərbaycana hücum etsin, hərbi, iqtisadi imkanlarını sıradan çıxartsın, ancaq aralarında ciddi fikir ayrılıqları da var, belə ki, İran Ermənistan hakimiyyətinin Avropa yönümlü siyasətinə, Avropanı Güney Qafqaza gətirməsinə qarşıdır, Türkiyə ilə əlaqələr qurmasını istəmir, çalışır ki, Ermənistan İrana möhtac olsun, Zəngəzur yolunun hər hansı statusda açılmasını rədd edir, Azərbaycanla barış olmasın deyir. Ermənistanın Avropaya, ABŞ-a yönəlik siyasəti ilə İran siyasətini uzlaşdırması çətin işdir, Paşinyan hökumətinin çıxarları ilə İranın tələbləri arasında ziddiyyət var; 3) Azərbaycanın sınırında hərbi təlimlər keçirir, güc göstərir, əsgərlərinə Araz çayını keçməyin yolunu öyrədir; 4) Azərbaycanı yox edərik deyir; 5) Ermənistana silah verəcəyini söyləyir; 6) İran mətbuatı Azərbaycana od püskürür; 7) SEPAH yeni hərbi marş bəstələyir, o marşda deyilir ki, Bakı, özünə qəbir qazma;
- Molla rejimi Azərbaycanı qorxudaraq bunları söyləyir: 1) xarici siyasətini İranla razılaşdıracaqsan; 2) İranın düşmən saydığı dövlətlərlə əməkdaşlıq etməyəcəksən; 3) Zəngəzur yolunu açmayacaqsan; 4) İranın iç işlərinə qarışmaq, bu ölkədə baş verən hadisələrdən yararlanmaq fikrinə düşməyəcəksən; 5) Türkiyə ilə əməkdaşlıqda irəli getməyəcəksən; 6) Avropanı Güney Qafqaza gətirməyəcəksən; 7) İç siyasətdə İranın din təbliğinə geniş yol açacaqsan; 8) İrana iqtisadi imkanlar tanıyacaqsan; 9) Molla rejimi də bunların qarşılığında Azərbaycan iqtidarının əbədi hakimiyyət anlayışına dəstək verəcək, Azərbaycanı nə qədər və necə istəyirsən, idarə et, biz buna qarşı çıxmayacağıq, yəni İranın nəzarətində olan, müstəqilliyi formal xarakter daşıyan Azərbaycan dövlətinəə etiraz etmirik;
İran molla diktaturası niyə açıq qorxutma siyasətinə seçdi?
Ardı var...