DÖVLƏTƏ ƏN AĞIR ZƏRBƏNİ İCRA HAKİMİYYƏTİ BAŞÇILARI VURUR ONLAR TOPLUMUN DÖVLƏTƏ OLAN İNAMINI SARSIDIR
SƏXAVƏT ƏLİSOY
Onlar sözün əsl mənasında o kabinetlərdə DÖVLƏTi talan etmək üçün oturur.
DÖVLƏTİN Böyük Zəfərdən sonra imperialist güclərlə qarşı-qarşıya qaldığı bir zamanda onlar sərvət toplamaq üçün hər türlü oyunlar qurur. Bu adamlarda zərrə qədər Vətən, Millət və Dövlət təəssübü yoxdur. Olsaydı, heç olmasa etibar olunan vəzifəni bu ağır dövrdə ləyaqətlə, şərəflə yerinə yetirərdilər.
Sorğu keçirin və dövlətin təməlini dağıdan qurumları müəyyən edin. Tam əminliklə yazıram, toplum İcra hakimiyyəti başçılarını ilk sırada qeyd edəcək.
Onlar vətəndaşa torpaq satır, üstəgəl satdıqları torpaqlarda vətəndaşın ev tikməsi üçün rüşvət tələb edir, yaşayış evlərinin birinci mərtəbəsindən, zirzəmilərdən rüşvət qarşılığında qanunsuz qapılar açır. Bunu bu ölkədə bilməyən varmı?
Diqqət edin, görün, şərəfsizlik və ləyaqətsizlik nə həddə çatıb ki, aztəminatlı, kasıb ailələr üçün dövlətin ayırdığı müavinətə əl qoyurlar.
Mənəviyyatsızlığın səviyyəsinə fikir verin, həbs olunan icra başçısının seyfindən kasıb üçün verilmiş müavinat kartları çıxır.
Sovet dönəmində belə raykom katibləri onların etdikləri qələtlərin onda birini etmirdi.
Hər biri özünü İcra hakimiyyəti başçısı kimi deyil FİRON kimi aparır.
Onları başçı olduqları rayonda vətəndaşla bir stəkan çay içməyi belə şəninə sığışdırmaz. Kimsə onlardan birinin bir çayxanada camaatla birgə çay içdiyini, söhbət etdiyini gördümü?
Son vəzifədən kənarlaşdırılan İcra başçısının sahib olduğu sərvət mediada paylaşılır. 3 il əvvəl Qusarda olarkın bir müəllim başçının ələ keçirdiyi onlarla milyonluq obyekti, yüz hektarlarla torpağı bir-bir sadaladı və dərin bir ah çəkib dedi ki, bir gün bu haram burnundan gələr, inşallah. Gəldi!
Əslində bütün rayonlarda demək olar ki, eyni vəziyyətdir.
Hər yerdə başçı rayonun ən zəngin adamıdır. Heç bir iş adamı başçıdan varlı ola bilməz. Bu bir nonsens. Əgər kimsə bir rayonda İcra hakimiyyəti başçısının rüşvət almadığını, torpaq satmadığını, tükü çıxmamış yetimin haqqını yemədiyini iddia edirsə, yazsın, gedib o adamdan üzr istəyəcəm.
Biz də Azərbaycanda yaşayırıq. Azərbaycan kiçik bir dövlət. Kimin halal, kimin də haram yolla yaşadığını hər kəs gözəl bilir.
O başçıların arvad-uşağı yüz minlərlə dollarlıq lüks avtomobillərə sahib deyilmi?
O başçıların əksəriyyəti milyonlarla dollarlıq villalarda yaşamırmı?
Təkrar yazıram İcra hakimiyyəti başçıları DÖVLƏT büdcəsini talan edir.
Bu talanın adı öncə Dövlət başçısı İlham Əliyevə xəyanətdir! Prezidentin etibarından sui-istifadə edərək, büdcəni talamanın, rüşvət almanın, saysız-hesabsız bahalı obyektlərə sahib olmanın adı XƏYANƏT deyil, nədir?
Bu talan Dövlətə xəyanətdir!
Bu talan Millətə xəyanətdir!
Bu talan Vətənə xəyanətdir!
Bu qədər bəsit.
Onlar Fironlar kimi yaşayır. Rəsmi statistikaya görə ölkədə kasıbçılıq həddinin altında yaşayan 500 min vətəndaş varsa, Qusar İcra hakimiyyəti başçısı mediada tirajlanan bu sərvəti:
-Qusarda evi ilə qarşı-qarşıya yerləşən hoteli;
-Qusar şəhəri ərazisində tikdirdiyi 5mərtəbəli binaları;
-6 nömrəli məktəbin yanında hoteli;
-Nərimanov parkında restoranı.
-Bayraq meydanının yaxınlığında 2 hoteli;
-Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini hansı yolla əldə edib? Bir rayonun İcra hakimiyyəti başçısının üzə çıxan sərvətinin dəyərini hesablayın və bunu 67-yə vurun və görün, dövlət büdcəsinin necə talan olduğunu.
İmişli, Kürdəmir, Ağstafa, Neftçala, Yevlax, Biləsuvar, Cəlilabad, Şəmkir… rayon İcra hakimiyyəti başçıları hansı əməllərinə görə həbs olunub?
Təbii ki, hər kəsin cavabı bu olacaq: Talançılığa görə!
Yuxarıda yazdım, DÖVLƏT Böyük Zəfərdən sonra çox gərgin bir soyuq savaşla qarşı-qarşıya qalıb. 33 yaşlı, təzəcə ərazi bütövlüyünü bərpa etmiş bir dövlətin məmuru quldurluq edirsə, ən ağır cəzaya layiqdir.
Ayı 300-400 manatla ilə başa vuran 1 milyondan artıq təqaüdçü, çox ağır vəziyyətdə yaşayan 500 min vətəndaş bir ovuc quldurun əməllərindən sarsılır…
10 il tibb müəssisəsinin rəhbəri oldum. Dövlətin bir qəpiyini belə oğurlamadım. Bununla qürur duyuram!
Bu gün də universiteti bitirdikdən sonra təyinatla getdiyim şəhərdə gənc mütəxəssis olaraq dövlətin verdiyi evdə yaşayıram. 1500-ə qədər əməkdaşı olan böyük bir xəstəxananın baş həkimi işləmiş biri kimi deyirəm, oğurlasaydım, Bakıda 10 mənzil ala bilərdim.
Oğurlasaydım, bu yazını qələmə ala bilməzdim. Gənc yaşlarında belə mənim üçün DÖVLƏT və qanunlar qırmızı xətt sayılırdı. Sahib olduğum mənəviyyat və qürur Dövləti talan etməyə imkan verməzdi.
Mənəviyyatsız və ləyaqətsiz məmurlar üçün DÖVLƏT heç bir dəyər deyil.
Nədən Azərbaycanda məmur ordusu rüşvət virusuna yoluxub?
Mərhum eks-prezidentlər-Heydər Əliyev və Əbülfəz Elçibəy rüşvət haqqında nə dedi?
Prezident İlham Əliyev İcra hakimiyyəti başçılarına hansı xəbərdarlıqlar edir?
Bu barədə məqalənin ikinci hissəsində oxuyacaqsınız…
Təşəbbüs” Vətəndaş Platforması