Tozlu havalarda zəhərlənməmək üçün nə etməliyik?

Son vaxtlar Bakıda tez-tez tozlu hava müşahidə olunur. Hətta insanlar nəfəs aldıqda bu tozlu havanı hiss etdiklərini bildirirlər. Bu dəyişikliyi Milli Hidrometeorologiya Xidməti də təsdiqləyir. Ölkə ərazisində meteoroloji şəraitlə əlaqədar şimal-şərq istiqamətli hava axınları üstünlük təşkil etdiyindən, havada transsərhəd tozlanma müşahidə olunur. Tozun miqdarı bəzi günlərdə normadan 1, 2, bəzi günlərdə 2,8-3,2 dəfə, hətta 3-3,5 dəfə artıq olur.

Bu toz qatının insanlar üçün zərərləri nələrdir və insanlar özlərini necə qoruya bilərlər?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

İnsanlar maska taxmaqdan qaçırlar

Professor Adil Qeybullanın sözlərinə görə, tozun zərərli və ya zərərsiz olduğunu dəqiq bilmədiyimiz üçün ehtiyatı əldən verməməliyik:

"Tozlu hava külək vasitəsilə Bakı və Abşeron yarımadasına müxtəlif yerlərdən gəlir. Bu proses adətən Orta Asiya və şimal istiqamətində müşahidə olunur. Burada tozun mənşəyi, mahiyyəti, orqanizmə nə dərəcədə zərərli olması, radioaktiv fonun olub-olmaması çox vacibdir. Çox yaxşı olar ki, insanlar belə havalarda maskadan istifadə etsinlər. Müşahidə etmişəm ki, insanlar maskadan istifadə etmək istəmirlər. Əsasən də, nəfəs yollarında problemləri olan, astma xəstəliyindən əziyyət çəkən, müxtəlif xroniki ağciyər xəstəlikləri, allergiyası olan xəstələr belə havalarda xüsusilə diqqətli olmalıdırlar".

Müvəqqəti xarakter daşıyır

A.Qeybulla bildirib ki, belə hava şəraiti əsasən bir neçə gün davam edir:

"Adını qeyd etdiyim xəstəliklərin daşıyıcıları olan şəxslərdə simptomlar daha da fəallaşıb, özünü daha ağır və kəskin formalarda göstərə bilər. Tozlu hava əsasən uzun müddət davam etmir. Çünki Bakı küləklər şəhəridir və külək toz hissəciklərini dağıdıb, başqa istiqamətlərə aparır. İnsanlara tövsiyəm odur ki, bu tip halların baş verdiyi bir neçə günlük müddətdə maskadan istifadə etsinlər".

Uşaqlar və yaşlılar daha həssas olurlar

İnfeksionist Mərdan Əliyev qeyd edib ki, toz buludunun içərisində orqanizmimiz üçün zərərli olan digər toksik hissəciklər də olur:

"Toz hissəcikləri insanların tənəffüs yollarına daxil olub qıcıqlandırıcı və allergik təsirlərə səbəb olur. Tozlu hava şəraiti dedikdə burada söhbət tək toz hissəciklərindən getmir. Digər toksik maddələr də var ki, onlar da ağciyərlərə daxil ola bilir. Bu səbəbdən çalışıb həmin hissəciklərdən qorunmalıyıq. Xüsusən də uşaqlar və yaşlıların orqanizmi daha həssas olur. Ona görə də toz buludu müşahidə etdiyimiz zaman uşaqları açıq havaya çıxartmamalıyıq. Ev şəraitində qorunmaq daha məqsədəuyğun hesab edilir".

Toza qarşı allergiya, yoxsa xəstəlik

M.Əliyev bildirib ki, insanlar bəzən belə havalarda qripə yoluxduqlarını zənn edirlər:

"Bu toz hissəcikləri allergik rinitə səbəb ola bilər. Hansı ki, burun axması, asqırma, gözlərdə sulanma ilə müşayiət olunur. Bu əlamətlər qriplə bənzədiyi üçün bəzən qarışdırılır. Hətta pnevmoniya kimi ağır xəstəliyə də səbəb olması mümkündür. Bu səbəbdən, mütləq ehtiyatlı olmalıyıq".

Yalnız filtrli maska istifadə edin

İnfeksionistin fikrincə, adi maskalar toz hissəciklərinin qarşısını tam almır:

"Tozlu hava şəraitindən qorunmaq üçün ən effektiv yol evdən çölə çıxmamaqdır. Lakin əgər çıxmalıyıqsa, mütləq şəkildə maskadan istifadə etməliyik. Bu, xüsusən də kəskin xəstəliyi olan şəxslərə aiddir. Lakin adi maska bizi toz hissəciklərindən yetəri qədər qorumur. Məsləhət görürəm ki, N-95 tipli maskalardan istifadə etsinlər. Çünki zərərli toz hissəcikləri çox kiçikdir. N-95 maskaları filtrli olduğu üçün daha effektivdir və bizi zərərli tozlardan qoruyur".

Tibb müəssisələrinə müraciət edənlərin sayı artıb

Terapevt Sübhan Hacıyev bildirib ki, havadakı toz miqdarının artması səbəbindən tibb müəssisələrinə müraciət edən insanların sayı artıb:

"Bütün canlıların yaşamaq üçün suya və havaya ehtiyacı var. Buna görə də havanın istənilən növ çirklənməsi, yaşadığımız ərazidə hava durumunun dəyişkənliyi bütün canlılara təsir göstərir. Son günlər Bakıda havanın çirkli olduğunu görürük. Nəticədə tənəffüs yolu xəstəlikləri ilə bağlı xəstəxanalara, xüsusilə də təcili tibbi yardım şöbələrinə müraciətlərin sayı xeyli artıb".

Gözün və ağız boşluğunun selikli qişasına təmas etdikdə...

S.Hacıyevin sözlərinə görə, zərərli toz hissəcikləri tənəffüs sistemimizi alt-üst edir:

"Ölçüləri 10 mikrondan böyük olan toz hissəcikləri orqanizmin təbii qoruma mexanizmləri tərəfindən çox zaman uzaqlaşdırıla bilir. Lakin daha kiçik toz hissəcikləri yuxarı tənəffüs yollarından keçərək aşağı tənəffüs yollarına enir. Bu zaman da tənəffüs sistemimizin ən dərinliklərinə qədər gedə bilirlər. Belə olduqda çox ciddi tibbi fəsadlarla qarşılaşırıq. Tibbi fəsadlar özünü tənəffüs yolu infeksiyaları, kəskin başağrıların qat-qat çoxalması ilə büruzə verir. Toz hissəcikləri insanın selikli qişasına təmas edərsə, ciddi qıcıqlanmalar yaradır. Xüsusilə də gözün və ağız boşluğunun selikli qişasına təmas etdikdə bu vəziyyət daha da kəskin formada özünü göstərə bilir".

Ev şəraitində qalmaq tövsiyə olunur

Terapevt qeyd edib ki, tozlu havalarda pəncərəni açmaq belə təhlükəlidir:

"65 yaşdan yuxarı insanlar, xroniki xəstəlikləri olanlar, xüsusilə də ağciyərlərinin xroniki obstruktiv xəstəliyi olan insanlar bu cür havalarda qətiyyən çölə çıxmamalıdırlar. Ev şəraitində qalmaları tövsiyə olunur. Yaxşı olardı ki, pəncərələri də açmasınlar, kondisionerlərdən istifadə etsinlər. Əgər çölə çıxmaq məcburiyyəti varsa, mütləq şəkildə maska və göz eynəkləri taxılmalıdır".