Azərbaycanda hərbçilərə "TikTok" qadağan ediləcək? - AÇIQLAMA

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadə qadağan edilib. Müvafiq qanun layihəsi ölkənin Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasında qəbul edilib. Qəbul edilən qərar təhlükəsizliklə əsaslandırılıb. Qərarın tezliklə qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində dövlət qulluqçuları üçün bu sosial şəbəkədən istifadə məhdudlaşdırılıb. Azərbaycanda da ara-sıra "TikTok"un bağlanmasına çağırışlar edilib, onun tənzimlənməsi barədə fikirlər səsləndirilib. Buna səbəb kimi platformada gənclərin və uşaqların düşüncələrinə mənfi təsir edən videoların paylaşılması, cəbhə bölgəsində qoşunların hərəkəti ilə bağlı görüntülərin yayılması göstərilir.

Hərbi əməliyyatlar zamanı ölkədə "TikTok"un fəaliyyəti məhdudlaşdırılsa da, bir müddət sonra yenidən bərpa edilib. Türkiyədə hərbçilərə sözügedən sosial şəbəkədən istifadənin qadağan edilməsindən sonra Azərbaycanda da oxşar addımların atılması ilə bağlı müzakirələr aparılır.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, hərbi qulluq zamanı sosial şəbəkədən istifadə təhlükəsizliyə təhdid növlərindən biridir:

"Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadənin qadağan olunması, məlum məsələdir ki, təhlükəsizliklə əlaqədardır. Təhlükəsizliyə təhdidin qarşısı mütləq şəkildə alınmalıdır. Tək "TikTok" deyil, "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə qoşunların dislokasiyası, özlərinin müəyyən hərəkət marşrutlarının dəyişilməsi ilə bağlı paylaşımların hansı fəsadları doğurmasını artıq praktikada görmüşük. Bununla paralel olaraq, Azərbaycanda da müəyyən qanunlar qəbul olunub. Söhbət, təbii ki, "TikTok"dan getmir. Amma dislokasiya ilə əlaqədar "Facebook" sosial şəbəkəsində hərbçilərin öz yerlərini göstərmələri böyük problemlərə gətirib çıxarır.

Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsində belə bir qərarın qəbul olunması Silahlı Qüvvələrin təhlükəsizliyinin təmin edilməsindən başqa bir şey deyil. "Facebook" və digər sosial şəbəkələrin dövlətlərdə nümayəndəliklərinin açılması məsələsi də gündəmə gəlmişdi. Bir sıra dövlətlər, o cümlədən Türkiyə də bu məsələni həll etdilər. Çünki sosial şəbəkələrdə yayılan məlumatlardan düşmən xarici xidmət orqanları da istifadə edirlər. Geosiyasi mövqeyimiz elədir ki, hər problemin yaradılmasında sosial şəbəkələrin iştirakından istifadə mümkündür".

A.Nağıyev qeyd edib ki, hərbçinin şəxsi vaxtında etdikləri özünü əlaqələndirir, amma hərbi qulluq zamanı bu belə deyil:

"Məlumdur ki, düşmən yatmır və sosial şəbəkələr vasitəsilə onların xüsusi xidmət orqanları cəlbetmələri həyata keçirir, hətta nüfuzdansalıcı materiallar əldə etməyə cəhd göstərirlər. Ona görə də düşünürəm ki, bu, çox vacib məsələdir. Məsələnin hansı ciddi fəsadlar doğuracağı ciddi düşünülməlidir. Gələcəkdə ən mühüm məsələ dövlətin və dövlətçiliyin təhlükəsizliyi və ona olan təhdidin qarşısının alınmasıdır".

Hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, sosial şəbəkələrdən istifadəyə orduda, sadəcə, bir qisim şəxsə icazə var:

"Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xidmət edən şəxsi heyətlə informasiya təhlükəsizliyi, məxfiliyin qorunması və sosial şəbəkələrdən istifadənin yarada biləcəyi nəticələr barədə ardıcıl olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Hərbi qulluqçuların xidmətə qəbul olunması zamanı onlarla müəyyən öhdəçiliyin götürülməsilə əlaqədar iltizamnamələr imzalanır. Lakin bəzən bir neçə hərbi qulluqçu tərəfindən öhdəçiliyin pozulması hallarının şahidi olmuşuq. Belə hallar aşkar edildikdə hətta həmin hərbi qulluqçuların xidmətdən tərxis olunması istiqamətində əmrlər də imzalanıb.

Təbii ki, "TikTok" sosial şəbəkəsində Azərbaycanın mənəvi-əxlaqi dəyərlərinə zidd olan, gənclərin, yeniyetmələrin əxlaqi tərbiyəsində kifayət qədər mənfi rol oynayacaq paylaşımlara da rast gəlinir. Orduda xidmət edənlərin əksəriyyətinin gənclərdən ibarət olduğu nəzərə alınaraq, onları da bu sosial şəbəkənin ziyanlı təsirindən qorumaq üçün aidiyyəti rəhbər şəxslər tədbirlər planlaşdırırlar. Şəxsi heyətlə görüş və söhbətlər aparılır. Hazırda Silahlı Qüvvələrdə "TikTok" sosial şəbəkəsinin istifadəsi, onsuz da, qadağandır. Məhdud sayda hərbi qulluqçuya sosial şəbəkədən istifadə etməyə icazə verilir. Ona görə də gələcəkdə yeni təkliflərin hazırlanması mümkündür".

Ə.Verdiyev vurğulayıb ki, yaxın perspektivdə sosial şəbəkələrlə bağlı müəyyən qərarların şahidi olacağıq:

"Bildiyim qədərilə, "TikTok"un Azərbaycandakı rəhbərliyi ilə bu sosial şəbəkənin ziyanlı təsirlərinin ölkə ərazisində məhdudlaşdırılması istiqamətində danışıqlar aparılıb. Yəqin ki, yaxın perspektivdə biz sosial şəbəkələrin ziyanlı istiqamətlərinin Azərbaycanda yayımlanmaması üçün müəyyən qərarların şahidi olacağıq. Bu da yalnız hərbçiləri deyil, azyaşlıları və digər kateqoriyadan olanları da əhatə edə bilər".