Əvvəl kurs, sonra imtahan... – Sürücülərlə bağlı yeni qaydalar NƏYİ DƏYİŞƏCƏK?

Yaxın gələcəkdə Azərbaycanda yük və sərnişindaşıma fəaliyyəti həyata keçirən bütün sürücülər, eləcə də taksi sürücülərinin hazırlığını Dövlət İmtahan Mərkəzi qiymətləndirəcək.

DİM-dən verilən açıqlamaya görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçəcəklər.
 Təxminən 1-2 aydan sonra prosesin tam detalları bəlli olacaq. Təlimləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), qiymətləndirilməsini isə DİM həyata keçirəcək. Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən sürücüyə 7 il müddətinə qüvvədə olan sənəd təqdim ediləcək.

“Yaxın zamanlarda...”

Məsələ ilə bağlı Bizim.Media-ya ilə fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, yaxın zamanlarda taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyən şəxslər DİM-in təşkil etdiyi imtahanlardan keçməli olacaqlar:

“İmtahandan uğurla keçən sürücülərin aldığı sənəd 7 il qüvvədə olacaq. Bu “Avtomobil nəqlliyyatı haqqında” qanuna edilən dəyişiklikdən sonra Nazirlər Kabinetinin qəbul etdiyi qərarla tənzimlənir. 

Qanun xeyli əvvəl qəbul edilsə də, DİM tərəfindən hərəkətlilik yox idi. Hesab edirəm ki, imtahan bütün bölgələrdə təşkil oluna bilər. Bununla belə, hesab edirəm ki, DİM bunu qısa zamanda reallaşdıra bilməyəcək. Hal-hazırda ali məktəblərə qəbul prosesi keçir. Bundan əlavə imtahandan əvvəl arzu edən şəxslər AYNA-nın təşkil etdiyi kursları da bitirməlidir. Hələlik bu məsələ də açıqdır”.

Yeni layihə sürücülərə hansı imkanları qazandıracaq?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, bu layihə ilk baxışdan maraqlı görünsə də, onun iqtisadi və sosial əsasları hələ hazırlanmayıb: 

“İstənilən layihənin hədəfi yeni imkanlar açmaqdır. Bu mənada bu layihənin yekununda sürücülərin hansı əlavə imkanlar qazanacağı məlum deyil. Səhv etmirəmsə, ötən il AYNA sürücülər üçün təlim kursu təşkil etməyi planlaşdırırdı. Bildirilmişdi ki, bu kursları keçən sürücülər müvafiq işlə təmin olunacaq. 

Amma AYNA-nın bu çağırışına reaksiya çox zəif oldu. Çünki sözügedən iş yerlərində təklif olunan əməkhaqqı sürücüləri qane etmir”.

“Sürücü qıtlığı yarana bilər”

Akif Nəsirli onu da qeyd edib ki, bu gün ictimai nəqliyyatda və taksi sektorunda çalışanların böyük hissəsi bu sahədə müvəqqəti fəaliyyət göstərirlər:

“Nə vaxtsa qanedici təklif alan şəxslər sürücülüyün daşını atırlar. Ona görə də 1-2 ay müddətinə dolanışıq üçün taksidə və avtobusda sürücülük edən şəxslər yeni şərtlərə getməyəcəklər. Çünki həm AYNA-nın təşkil etdiyi təlim kursları, həm də DİM-in keçirdiyi imtahanlar ödənişli olacaq. Ona görə də çoxları bir neçə ay üçün bu xərclərə getməyəcək.
Bu səbəbdən çalışmaq lazımdır ki, sürücülər həm təlimlərə, həm də imtahana həvəslə getsin. Belə olmasa, yaxın illərdə ölkəmizdə ciddi sürücü qıtlığı yaranacaq”.

Surxay Atakişiyev