Şuşa sakini: "Bir gün torpaqlarımızın azad olunacağına inanırdıq"

"11 yaşında Şuşadan çıxmışdım, indi 13 yaşlı oğlumla öz doğma yurduma qayıdıram".

Bunu Lim10.az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Aqil Şirinov deyib.

O qeyd edib ki, həmişə içində bir ümidlə yaşayıb ki, Şuşa işğaldan azad ediləcək:

"11 yaşım var idi Şuşadan çıxanda. O vaxtın xatirələri yadıma alatoran düşür. Nə yadıma düşürsə, nəyi xatırlayıramsa, hər birini övladıma göstərəcəyəm. Uşaqlığımın keçdiyi o evi, o küçəni, o məhəlləni, o cığırı görsün.

Bakıda, Bilgəhdəki yataqxanada çətin köçkünlük həyatı yaşamışıq. İnamımızı itirməmişdik, bir gün torpaqlarımızın azad olunacağına inanırdıq. Şuşamızın, alınmaz qalamızın bizə qayıtması, işğaldan azad edilməsi bizə bir yuxu kimi gəlir.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 21 ailə (85 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 126 ailənin (491 nəfərin) daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova