Azərbaycan adlı bu gəmi hələ üzürmü?
Bəlkə batıb... xəbərimiz yoxdur...
Mehriban Vəzir
AMEA-nın bütün institutlarının direktorları Naxçıvan doğumlulardır. Əlbəttə, bəlkə istisna da var. Mənim xəbərim yoxdu. Amma varsa da otuzuncu illərdə qonşudan gələnlərdir.
Bakı Baş Polis idarəsi kimi. İllər öncə bir şikayətim vardı evin yanında yerləşən və səhərə qədər çalıb oxuyan restorandan. Açdım BBPİ-nin saytını rəislərin, müavinlərin bioqrafiyasını oxudum. Dedim, görüm sözümü kimə deyirəm. Bir fakt diqqətimi çəkdi, rəisin doğum yeri Naxçıvan. Müavinlərin doğum yeri Naxçıvan... birindən başqa. Onun da doğum yeri Ermənistan. Bəziləri baytarlıq, bəziləri təsərrüfat oxuyub, 40 yaşında Təfəkkür kimi Universitetin hüquq diplomu ilə Bakı boyda şəhərin asayişində durub.
Yadıma "Molla Nəsrəddin" düşdü. 1915-ci ildə, yəni 100 il və daha əvvəl yazırdı: "bu il Bakıdan Peterburqa 17 nəfər deputat gedir. Onların 16-sı məşədi, cəmi bir nəfəri kərbəlayidir".
Sabir demişkən, "necə görmüşdüsə Nuh öyləcədir" Azərbaycan.
Əsrlər dəyişir, qəliblər dəyişmir.
AMEA-ya prezident də həmin qəlib üzrə təyin edildi: doğum yeri Naxçıvan.
Akademik...
Ötən illərdə AMEA "Akademiklər" kitabı çap etmək istəyib. Məqalələri yığıblar. Sonda görüblər ki, bütün akademiklərin - 95 %-in doğum yeri Naxçıvan çııxır. Əl saxlayıblar. Ağıllı biri təklif edib ki, heç kəsin doğum yeri yazılmasın.
İndi bilmirəm o kitab çıxdımı? Çıxdısa necə çıxdı?
Bir dəfə bir institut direktoru ilə yanaşı oturmalı olduq, rayon yolunda. Dəqiq yadımda qalmayıb, AMEA-nın hansısa təsərrüfat və ya heyvandarlığın inkişafı institutunun direktoru idi.
Yolda dalaşdıq. Rəsulzadə və Cümhuriyyətə görə. İnad edirdi ki, o hökumət xalq təhsili üçün heç nə etməyib, siz zadəganların hökuməti idi. Statistika gətirdim, eşitmək istəmədi. Dedim, axı institut direktorusan, bu sənin keçmişindir, niyə bilmirsən? Dedi, o mənim keçmişim deyil, bizi sovet hökuməti oxudub.
Əslində haqlı idi, sovet hökuməti çoban olacaq çoxlarını akademik elədi. Nəticə bu. Özünü, keçmişini bilmir. Kimliyindən xəbəri yox. Sözümüz milli kimliyə gəldi. Dedi, biz türk deyilik. Dedim, bəs sənin millətin nədir? Dedi, "yerazam", dedim, "bəlli".
Başqa cür bu ölkədə necə direktor olmaq olardı bu başla? Əlinin altında işləməyə məcbur qalanlara yazıq? Əlbəttə, mənliyi olanlara. Mənliksizlər buna gündə 7 dəfə dahi deyir yəqin.
Bu statusda və bu səviyyəsizlikdə adam ələ düşməz bir "nemət" idi. Dalaşmağın mənasız olduğunu görüb sakitləşdim və arada ona suallar verməyə başladım. Həyatın ironiyası idi. Uzun müddət unuda bilmədim bu adamı. Azərbaycanda heyvandarlığa belə yazığım gəldi.
Bu hadisə niyə yadıma düşdü? Polisi elə, AMEA-sı belə...
Əsrlər keçir, qəliblər dəyişmir...
Azərbaycan adlı bu gəmi hələ üzürmü?
Bəlkə batıb... xəbərimiz yoxdur...