36 baş iribuynuzlu heyvanı tələf edən "Neasidol"un təyinatı nədir?
Akif Nəsirli: “Təcrübə də göstərir ki, iri buynuzlu heyvanlar adıçəkilən dərmanla çimizdirilən zaman zəhərlənir"
Məlum olduğu kimi, Şəmkirdəki fermaların birində 36 baş iribuynuzlu heyvan bir günün içində qəfildən tələf olub. Təsərrüfat sahibi Anar Məmmədov bildirib ki, hadisə heyvanlar xəstəliklərə qarşı dərmanlandıqdan sonra baş verib:
"Neastrol" adı ilə aldım, 48 heyvanı çimizdirib çölə buraxdım. Bir saat ərzində 36 baş iribuynuzlu heyvan tələf oldu. Mən bilmək istəyirəm ki, bu dərman harada istehsal olunur?".
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baytarlıq Xidmətinin yerli bölmələri tərəfindən müvafiq addımlar atılıb. Qeyd edək ki, heyvanların kütləvi tələf olmasının dəqiq səbəbi AQTA-nın apardığı laborator müayinələrin nəticələri əsasında bilinəcək.
Maralıdır, "Neastrol" adlı dərman mal-qaranın məhv olmasına səbəb ola bilərmi? Ümumiyyətlə, mal-qaranın kütləvi tələf olmasına səbəb nədir?
"Neastrol" adlı preparat inəklər üçün təhlükəlidir…”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, "Neastrol" gənə və parazitlərə qarşı istifadə edilən maye dərmandır. Bu dərman olduqca güclü zəhərə malikdir: “Bu preparat heyvanlara ona görə vurulur ki, dəriyə yapışan gənələri zəhərləyib öldürsün. Heyvanın bu kimi dərmanlardan zəhərlənməsi halı çox nadir hallarda baş verə bilər. Ola bilsin ki, fermer dərmanın dozasının artıq edib. Normal dozada məhlul həll ediləndə dərman heyvanın tükündə 15-20 dəqiqə qalır. Ola bilsin ki, fermer 2 faizlik məhlul yerinə 15 faizlik hazırlayıb gənələr tez ölsün. Həmçinin, dərmanın dozası heyvanın dərisində uzun müddət qalanda malın dərisi yaş olduğu üçün başlayır özünü yalamağa. Ola bilsin ki, dərmanlı dərisini yalayıb və məhlulun dozası yüksək olduğu üçün zəhərlənib. Heyvanın hansısa hissəsində zədə varsa o nahiyədən qana da zəhərlənmə keçə bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, "Neastrol" adlı preparat inəklərin yuyulması üçün nəzərdə tutulmayıb. "Neastrol" xırda buynuzlu heyvanların vannada çimizdirilməsi üçün nəzərdə tutulub: “Bu preparat inəyə də istifadə olunur. Ancaq qanuni təyinat xırda buynuzlu heyvanlar üçün nəzərdə tutulub. Baş vermis hadisənin məsuliyyəti həm fermerin üzərindədir, həm də o dərmanı ona məsləhət görəndə. Əslində iri buynuzlu heyvanların yuyulması üçün “Xlorofost” və “Delitoks” istifadə olunmalıdır. "Neastrol" adı preparat isə inəklər üçün təhlükəlidir. Təcrübə də göstərir ki, iri buynuzlu heyvanlarla adıçəkilən dərmanla çimizdirilən zaman zəhərlənir”.
Günel CƏLİLOVA