"Bakcell" və "Narmobil" rayonlarda "mükəmməl" xidmət göstərir
"Bakcell", "Narmobil" və bir də internet kənddə dünyasın dəyişib, bizim də xəbərimiz yox...
Azərbaycanda mobil şəbəkə bazarının iki sahibkar arasında bölünərək inhisarlaşdırılması heç kimə sirr deyil. "Bakcell" və "Narmobil" bir sahibkarın iki mağazası kimi bir şeydir, bu da hamıya bəllidir. Bazarı bu cüt əkizlər və "Azercell" bölüşür. "Azercell"də tariflər baha olduğundan 20 il əvvəl ona aid nömrəmi qırıb atdım zibil qutusuna. Bakıda Nar və Çin şəbəkəsində tariflər nisbətən əlçatan olduğundan bu iki şəbəkənin xidmətindən istifadə edirəm. Beylaqan rayonunun Əlinəzərli kəndində - doğulub, boya-başa çatdığım kənddə bir neçə gün qalmalı oldum. Həmin günlər həm mobil şəbəkədən, həm də internet xidmətlərindən məhrum oldum. Nə "Aztelekom" MMC-min təmin etməli olduğu internet xidməti işləmir, nə də ki, "Bakcell" və "Narmobil" mobil şəbəkəsinə zəng çatmır. Əvvəllər Bakıda suyu fasilə ilə verdikləri kimi, bir neçə saatdan bir internetin zəif şəbəkəsi qımıldanır - dərhal hamı WhatsApp-a yazır ki, nə olub, nömrənə niyə zəng çatmır? Mən də cavab verirəm ki, kəndə toya gəlmişdim, yaş düşüb - "Bakcell", "Narmobil" və bir də internet kənddə dünyasın dəyişib, bizim də xəbərimiz yox...
Sonradan məlum oldu ki, bu hal bütün rayonlarda eynidir - "Bakcell" və "Narmobil" rayon mərkəzlərində pis-yaxşı, işləyir, kəndlərdə isə bu mobil rabitə şəbəkələri ümumiyyətlə işləmir. Ona görə də rayon camaatının hamısı bahalılğı ilə seçilən "Azercell"-dən istifadə edir. Bilmirəm, bu mobil rabitə şirkətlərinin bazar bölgüsüdür, yoxsa yarıtmaz fəaliyyətdən irəli gəlir? Yəni "Bakcell" və "Narmobil" mobil rabitə şirkətlərinin bütün ölkəni əhatə etməsi barədə reklamları "ağ" yalandı. Rayonlara gedəndə özünüzkə ehtiyat rabitə vasitəsi, bolluca pul yüklənmiş "Azercell" nömrə götürün.
Akif Nəsirli