Qərbin sanksiyasına qarşı, Kremlin yeni strategiyası – İqtisadçıdan NİKBİN PROQNOZ
Moskva birjası ABŞ Maliyyə Nazirliyinin sanksiyaları səbəbindən dollar və avro ilə ticarəti dayandırıb. Valyuta və qiymətli metallar bazarında isə ticarət ABŞ dolları və avro istisna olmaqla, bütün digər alətlər üzrə aparılacaq.
Bəs mövcud stuasiyada Rusiya dolları hansı valyuta ilə əvəz edəcək? Eyni zamanda rəsmi Moskvanın bu qərarı onunla geniş iqtisadi əlaqələri olan Azərbaycana necə təsir göstərəcək?
İqtisadçı Akif Nəsirli bu barədə TodayPress-ə danışarkən bildirib ki, indi rusların özü də bu iki valyutanı nə ilə əvəz edəcəklərini bilmirlər:
“Hesab edirəm ki, hazırda bu iki valyuta dünyada əvəzedilməzdir. Amma Rusiya başqa bir strategiyanı seçib. O, özünün ticarət əlaqələri olan hər bir ölkənin öz valyutası ilə hesablaşır. Elə ölkələr var ki, onlarla qızılla ticarət etmək fikirləri var. Tutaq ki, Rusiyaya Çindən mal gətiriləndə yerli Çin valyutası ilə ödəmək, Rusiyadan Çinə mal gətiriləndə isə rus pulu ilə ödəniş etmək lazım gəlir. Bu cür qarşılıqlı ödəmələr həyata keçirilir”.
İqtisadçının sözlərinə görə, Moskvanın bu qərarı Rusiya üçün bir qədər çətin olsa da, onunla tərəfdaşlıq edən ölkələrə, eləcə də, Azərbaycana müsbət təsir edəcək:
“Azərbaycanda kifayət qədər rus pulu var. Bu, Rusiya ilə Azərbaycanın əlaqələrinə dəlalət edir. Cəmiyyət, dövlət baxımından bu iki ölkə bir-birinə çox yaxındır. Bizdə əsas problem ölkədən dollar axınıdır. Əgər Rusiya bizimlə rubl-manat vasitəsilə ticarət əlaqəsinə girərsə, biz Şimal qonşumuza dollar axının qarşısını almış olacağıq. Bu da Rusiyadan mal idxalı üçün verilən dollara qənaət etməyə zəmin yaradacaq”.
Ekspertin fikrincə, sözügedən qərara digər öləkələr də dəstək versələr, onda dolların və avronun dünyada intisarçılığı, monopoliyası sona çatacaq. Belə olan halda digər valyutaların əhatə dairəsini genişləndirməsinə şərait yaranacaq.
Günəş Mərd