Bakının mərkəzində, Mirzəağa Əliyev küçəsində sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Lim10.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Görüntüdən məlum olur ki, 01-BB-007 dövlət nömrə nişanlı "Toyota Camry" avtomobilinin sürücüsü maşını velosiped zolağı ilə idarə edir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarənin bölmə rəisi Toğrul Nəsirli Lim10.az-ın sorğusuna cavab olaraq bildirdi ki, həmin sürücü aşkarlanaraq barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
"Qeyd etmək istəyirəm ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər velosipedçilərin rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan zolaqlarda nəqliyyat vasitələrini park edərək və ya həmin zolaqlarla nəqliyyat vasitəsi ilə hərəkət edərək velosiped və skuter sürənlərin təhlükəsiz hərəkətinə ciddi maneə yaradırlar ki, bu da yolverilməzdir.
Sözügedən görüntüyə gəldikdə isə bildirmək istəyirəm ki, həmin sürücü aşkarlanaraq barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
Bir daha sürücülərdən xahişimiz ondan ibarətdir ki, qaydalara ciddi əməl etsinlər və bu cür hallara yol verməsinlər", - deyə T.Nəsirli vurğulayıb.
Əzizə İsmayılova