Azərbaycanda üç kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - Sakinlər köməksiz qalıblar

"Hazırda üç kəndin - Əhənd, Qoydan, Dvoryan kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib".

Bunu Lim10.az-ın sorğusuna cavab olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin Əhənd kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Vüqar Bəşirov deyib.

O qeyd edib ki, hazırda Qoydan kəndinə giriş-çıxış mümkün deyil.

"Yağan güclü yağışlar nəticəsində kəndi lil basıb. Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Gəlib əraziyə baxıb akt tərtib ediblər. Nazirlər Kabinetinə məlumat verilib.

Sakinlər kənddən çıxa bilmirlər, çünki kəndə gedən yolları sel aparıb. Girdimanın qolu olan Siyəri çayı daşdığı üçün ətrafı lil basıb. Bundan əlavə, torpaq sürüşməsi olduğu üçün bütün yollar bağlanıb. Hazırda rayon mərkəzi ilə əlaqəmiz kəsilib. Kəndə texnika gələ bilmir. Lahıc yolu düzəlməlidir ki, kəndə texnika gələ bilsin. İşığı bərpa etməyə çalışırlar, hələ də fazanın birində işıq yoxdur.

Hazırda yağışlı hava şəraiti davam etməkdədir"- deyə V.Bəşirov bildirib.

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi təhlükəli həddə çatıb.

Bu barədə Lim10.az-a kənd sakinləri məlumat veriblər.

Qeyd olunub ki, kənddə qalan bir neçə ailə çöldə gecələməli olub. Girdiman çayına güclü sel gəlməsi səbəbindən onların kənddən çıxması mümkün deyil.

"Neçə gündür bütün aidiyyəti qurumlara xəbər versək də, məsələ ilə maraqlanan və əhaliyə kömək edən kimsə yoxdur. Xahiş edirik ki, bizim kənddən çıxmağımıza kömək etsinlər. Dörd bir tərəfdən torpaq sürüşməsi ilə üz-üzə qalmışıq" - deyə kənd sakini bildirib.

Xatırladaq ki, İsmayıllının Qoydan kəndində sürüşmə səbəbindən təhlükə yaranması ilə bağlı .

Əzizə İsmayılova