Azərbaycanda parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.
Bəs yeni qaydalar özündə nəyi ehtiva edir? Xidmətdən istifadə edənləri hansı yeniliklər gözləyir?
Suallarımızı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladıq.
Agentlik Lim10.az-ın sorğusuna cavab olaraq bildirdi ki, ötən ilin avqust ayından parklanma məntəqələri və yerlərinin təşkili üzrə işlərin icrasına başlanılıb və artıq bu işlərin böyük əksəriyyəti icra edilib.
"Qeyd edək ki, mövcud qanunvericilikdə parklanmanın idarə edilməsi məqsədilə parkomatlardan istifadə ilə bağlı məsələlər öz əksini tapıb ki, bu da mənəvi cəhətdən köhnəlmiş texnoloji həll hesab olunur.
AYNA tərəfindən parklanmanın proqram təminatı və SMS vasitəsilə idarə edilməsi, həmçinin fərdi parklanma talonlarının tam elektron şəkildə verilməsi məqsədilə sistem istifadəyə verilib. Bu sistem hazırda geniş istifadə olunur və parklanmanın yeni paradiqmasını yaradıb.
Bu səbəbdən parklanmanın idarə edilməsinin SMS və ya proqram təminatı üzərindən aparılmasının hüquqi əsaslarının, həmçinin fərdi parklanma talonunun verilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var idi.
Ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat cərimə müəyyən edilir.
Ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət nəqliyyat vasitəsi parklanma yerindən ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində çıxarılmadıqda yaranır.
Parklanma üsulunun sürücü tərəfindən pozulması ilə bağlı tətbiq olunan inzibati tənbeh tədbiri təkmilləşdirilir, sürücü tərəfindən parklanma üsulunun pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda 20 manat məbləğində cərimə edilir.
Tətbiq olunan yeniliklərə, ilklərə gəlincə isə qeyd etmək istərdik ki, qanunvericilikdə ilk dəfə olaraq, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilir.
Belə ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
İlk dəfə olaraq, enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə müəyyən edilir.
Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə edilir.
İlk dəfə olaraq, xidməti parklanma yerlərindən qanunsuz istifadəyə görə cərimə müəyyən edilir.
Bütün bunlardan əlavə, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği 10 manatdan 60 manata qaldırılır.
Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimənin məbləği 10 manatdan 20 manata qaldırılır", - deyə Agentliyin açıqlamasında bildirilir.
Əzizə İsmayılova