"Üç polis əməkdaşının qətlə yetirilməsi bütün cəmiyyəti sarsıdan hadisə idi. Belə bir durumda polislər haqqında mənfi rəy yaratmağa çalışan qüvvələrin ictimaiyyəti çaşdırmaqdan başqa heç bir məqsədi ola bilməz".
Bu fikirləri "Report"a "Şəhid Analarına Dəstək" İctimai Birliyinin rəhbəri Ceyran Həsənova deyib.
Onun sözlərinə görə, polislərin Azərbaycanda asayişin qorunmasında xidmətləri əvəzsizdir: "Bir şəhid anası olaraq, üç nəfər gənc polis əməkdaşının vəzifəsini yerinə yetirərkən həyatını itirdiyini eşidəndə çox sarsıldım. Polislərimizin bir çox durumda fədakarlığını, qayğıkeşliyini, qəhrəmanlığını görmüşəm. Mənə elə gəlir ki, polislərin əvəzsiz xidməti ilə bağlı hər kəs ən azı bir dəfə rastlaşıb, izləyib, video və ya foto görüb. Hətta son hadisə zamanı məlumat yayıldı ki, cinayətkarın ailəsini, yaxınlarını təhlükəyə atmamaq üçün polis əməkdaşları özünü qurban veriblər. Bir vətəndaş olaraq, bunu yüksək qiymətləndirirəm".
Şəhid anası bildirib ki, bütün sahələrdə hansısa qurumdan, yaxud xidmət edən şəxsdən razı qalmayanlar ola bilər: "Polislərin də içərisində hərəkətləri cəmiyyətə xoş gəlməyənlər ola bilər. Amma bunu hər kəsə şamil etmək düzgün deyil. Onsuz da qaydaları, nizam-intizamı pozanlar bu sahədən birbaşa uzaqlaşdırılırlar. Belə olan halda xidmətləri danılmaz olan insanların haqqında qarayaxma kampaniyası yolverilməzdir. Polislərin əməyinə, fədakarlığına qiymət vermək lazımdır. Müvafiq qurumun polislərin etik davranış qaydaları, cəmiyyətdə nüfuzunun yüksəldilməsi, işə qəbul zamanı xalqla sıx işləmək bacarığının yoxlanılması istiqamətində görə biləcəyi işlər var. Bunlar təmin edilərsə, cəmiyyətin polisə güvəni, inamı daha da yüksələr".
C.Həsənova ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatını xatırladıb: "Yadınıza salın, həmin vaxt nə qədər polis əməkdaşı şəhid oldu. Onlar torpaqlarımızı terrorçulardan təmizləmək üçün canlarından keçdilər. Ona görə də polislərin hər biri bizim üçün dəyərli olmalıdır. Onlar da vətənin oğlu, xalqın övladıdırlar".
Qeyd edək ki, Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verən insident zamanı üç nəfər polis əməkdaşının qətlindən sonra bəzi qüvvələr polislərlə əlaqədar mənfi rəyin formalaşdırılmasına cəhd göstərib. Bununla bağlı sosial şəbəkələrdə əsassız və həqiqəti əks etdirməyən informasiyaların yayılması cəmiyyətdə narahatlığa səbəb olub.