Hazırda nişanlı olan qohumların nikahına icazə VERİLƏCƏK?

Parlament Ailə Məcəlləsində Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyini qadağan edən dəyişikliyi təsdiqləyib. Bu məsələ müzakirələrə səbəb olub.

Müzakirələrdən biri də qohumlar arasında hazırda nişanlı olanların nikahına icazə verilib-verilməyəcəyi məsələsidir.

Maraqlıdır, yeni qaydalar hansı tarixdən tətbiq ediləcək?

Məsələyə aydınlıq gətirən millət vəkili Fazil Mustafa Bizim.Media-ya bildirib ki, qaydalar bir ildən sonra qüvvəyə minəcək:

"Qohum evlilikləri ilə bağlı yeni qaydalar 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də bu məsələdə tələsiklik yoxdur, yəqin ki, bu istiqamətdə müzakirələr davam edəcək. Qanun qəbul edilib, dövlət başçısı imzalayandan sonra qanun qüvvəyə minir".