Qadınların pensiya yaşı 65 olacaq – Ekspertdən açıqlama
“Qadınların pensiya yaşının artırılması barədə aparılan ictimai müzakirələrin, pensiya yaşının azaldılmasına təsiri olmayacaq”.
Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli TodayPress-ə açıqlamasında bildirib.
İqtisadçı qeyd edib ki, qanunvericiliyə görə, 2017-ci ilin 1 iyulundan başlayaraq ölkəmizdə qadınların pensiya yaşı hər il 6 ay artırılır:
“Proses 2027-ci il iyulun 1-dək davam edəcək və ondan sonra qadınların penisya yaşı artırılmayacaq. Bu belə davam edərsə, nəzərdə tutulan ilə qədər bu yaş 65 ola bilər. Təbii ki, qanuna dəyişiklik edilməsi də istisna deyil. Amma hazırda vəziyyət belədir. Bu barədə aparılan ictimai müzakirələrin də pensiya yaşının azaldılmasına təsiri olmayacaq”.
A.Nəsirlinin sözlərinə görə, hökumət bu addımla dövlət büdcəsinə qənaət etmək istəyir.
“Məsələn, bu ilin may ayının əvvəlində dövlət büdcəsinə dəyişikliklər edildi. Büdcə xərcləri 4 milyard manat artırılsa da, sosial xərclər 150 milyon manat, səhiyyə xərcləri isə 8 milyon manat azaldıldı. Bu da hökumətin sosial sahədə xərcləri azaltmaqla büdcə xərclərinə qənaət etmək istədiyini göstərir”.
Qeyd edək ki, bu gündən ölkəmizdə qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılıb. Xatırladaq ki, hazırda kişilərin pensiya yaşı 65-dir.