"Azərbaycanda turizm sahəsində beynəlxalq təcrübə əsasında yeni dövlət standartlarının qəbul edilməsi nəzərdə tutulub".
Lim10.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O, ölkə iqtisadiyyatının sürətli və dayanıqlı inkişafında əsaslı rol oynayan turizm sənayesinin əhəmiyyətini qeyd edib:
"Azərbaycanda turizm sahəsində 11 dövlət standartı var. Beynəlxalq təcrübədə isə ISO üzrə 57 standart mövcuddur. Hazırda yeni standartlar hazırlanır. Yəqin ki, onlar bu il qəbul ediləcək. Aktual beynəlxalq standartların qəbulu və ölkəmizdə tətbiqi turizm sahəsinin inkişafında mühüm rol oynayır".
"Turizm sektorunun əsas qollarından biri olan hotelçilik sferasında rəqabətliliyin təmin olunması üçün biznes subyektləri tərəfindən istehlakçı gözləntiləri istiqamətində keyfiyyət göstəricilərinin artırılması, turistik məhsul və ya xidmətlərin daha da inkişaf etdirilməsi diqqətə çatdırılıb. Turizm sahəsində resursların səmərəli idarə olunması, iş proseslərinin optimallaşdırılması və xərclərin azaldılmasına töhfə verən yeni standartların qəbul edilməsinin vacibliyi vurğulanıb. Həmçinin, son dövrlərdə aktuallıq daşıyan halal turizmin inkişaf perspektivlərindən bəhs edilib. İslami qaydalara cavab verən turizm xidmətləri və məhsullarının təklif edilməsi müsəlman ölkələrindən gələn turistlər üçün cəlbediciliyi artıracaq", - deyə M.Abbasbəyli əlavə edib.
Nəzrin Vahid