Tünzalə Abduləlimova: "Qara şəbəkənin əsl üzünü tanımalıyıq"
Tünzalə Abduləlimova: "Qara şəbəkənin əsl üzünü tanımalıyıq"
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova son dövrlərdə ABŞ Nümayəndələr Palatasında irəli sürülən qətnamə layihəsinə və bir sıra beynəlxalq təşkilatların fəaliyyətinə dair fikirlərini bildirdi. Abduləlimova vurğulayıb ki, ABŞ Nümayəndələr Palatasında Eşu və Smit tərəfindən irəli sürülən qətnamə layihəsi yalnız birtərəfli və qərəzli bir baxışın nümayişidir:
"Bu qətnamə layihəsi irəli sürüldükdən sonra, bəzi "insan hüquqları" təşkilatlarının ("Freedom House", "International Partnership For Human Rights", "Democracy Development Foundation", "Protection of Rights Without Borders NGO", "Law Development and Protection Foundation", "Open Society Foundations" və s.) ortaq bir gündəm ilə çıxış etdiyini müşahidə etmək mümkündür. Onların "Dağlıq Qarabağda niyə ermənilər yoxdur" adlı hesabat icmalı yayımlamaları, bu təşkilatların eyni mərkəzdən idarə olunduğuna işarə edir".
Abduləlimova bu "qara şəbəkə"nin fəaliyyətini ciddi şəkildə tənqid edib və bildirib ki, bu cür təşkilatlar, Azərbaycana qarşı haqsız iddialar və ittihamlarla çıxış edərək, bölgədə sülh və stabilliyə maneə törədirlər. O, həmçinin qeyd edib ki, şəhid ailələri və qazilərimiz bu cür qərəzli hesabatların təsirindən və yalanlarından narahatdırlar.
Tünzalə Abduləlimova əlavə edib ki, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq və beynəlxalq təşkilatların qərəzli mövqelərinə qarşı mübarizə aparmaq üçün hər kəs birlikdə çalışmalıdır. Azərbaycan xalqı öz torpaqlarını qorumaq uğrunda böyük fədakarlıq göstərib və bu mübarizənin təhrif olunmasına yol verilməməlidir.
Pərvanə Fərhadqızı