Okeanlardakı proseslərin qorxunc fəsadı üzə çıxdı

Amerikalı klimatoloqlar müəyyən ediblər ki, qlobal su cərəyanlarının yavaşlaması dünya okeanındakı dəmir birləşmələrin balansında dəyişikliklərə səbəb olacaq və nəticədə onlar daha az karbon qazı udmağa başlayacaqlar. Beləliklə də, atmosferdə karbon qazının yığılması sürətlənəcək.

Bu barədə bazar ertəsi Massaçusets Texnologiya İnstitutunun (MİT) mətbuat xidməti məlumat yayıb.

Alimlər okeanlarda qlobal cərəyanların ləngiməsinin fitoplanktonun həyatına, hidrosferdəki qida və karbon balansına necə təsir edəcəyini təhlil edərək bu qənaətə gəliblər.

Belə məlumatları əldə etmək üçün tədqiqatçılar dünya okeanının kompüter modelini tərtib ediblər. Bu modeldə okean və onun səthi arasında suyun hərəkət sürətinin müxtəlif qida maddələrinin mövcudluğuna necə təsir etməsi nəzərə alınıb.

Qeyd edək ki, bəzi iqlim modellərinə görə, yaxın gələcəkdə qütb buzlaqlarının əriməsi nəticəsində okean sularının dövranı sürəti təxminən 30% azalacaq. Bu, qlobal istiləşməni daha da sürətləndirəcək.

Mənbə: TASS