Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak edən ər-arvad yüksək bal toplayıblar.
Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gün Naxçıvanda keçirilən ingilis dili fənni üzrə MİQ imtahanının test mərhələsində namizəd Sura Rüstəmova 93,75 bal toplamaqla yüksək nəticə göstərib.
Onun həyat yoldaşı Ələkbər Ağayev isə bir neçə gün əvvəl MİQ imtahanında kimya fənnindən 95 bal toplamışdı.
Lim10.az-ın əməkdaşı yüksək bal toplayan ər-arvad ilə əlaqə saxlayıb.
Ələkbər Ağayev özlərini sınamaq üçün imtahan verdiklərini dilə gətirib:
"Biz özümüzü sınamaq üçün imtahan verdik. Mən 8, həyat yoldaşım 6 ildir ki, müəllim olaraq fəaliyyət göstəririk. Hər ikimiz Ordubad rayonunda çalışırıq. Mən Ordubad rayonu Aza kəndində, yoldaşım isə Başdizə kəndində müəllim işləyir. Yenidən imtahan vermək qərarına gəldik. Ayrı-ayrı günlərdə imtahan vermişik. Mən iyul ayının 4, yoldaşım isə ötən gün imtahan verdi".
Ə.Ağayev imtahana birlikdə hazırlaşdıqlarını qeyd edib:
"İxtisasımız üzrə çox hazırlaşmadıq. Yoldaşım ingilis dili, mən kimya müəllimiyəm. Kurikuluma birlikdə hazırlaşırdıq. Bir-birimizə dəstək olurduq. Onun bilmədiklərini mən, mənim bilmədiklərimdə də o kömək olurdu. Sırf özümüzü sınamaq istədik. Yaxşı təklif olsa, işləmək üçün Bakıya gələ bilərik".
"Bir məktəbdə çalışanda tanış olub, ailə həyatı qurmuşuq. Dörd ildir ki, evliyik. Bir qızımız var. O, dörd yaşındadır. İmtahana hazırlaşan zaman uşağa görə çox çətinlik çəkmədik. Mən hazırlaşanda uşağa yoldaşım baxırdı. Yoldaşım hazırlaşanda mən uşaqla məşğul olurdum. İşə yerlərimizə görə Ordubadda yaşayırıq. Hər ikimiz Naxçıvanda dünyaya göz açmışıq", - deyə Ə.Ağayev fikrini tamamlayıb.
Nəzrin Vahid