"Bitcoin"i necə almaq olar? - Azərbaycanda rəsmi tanınmayan valyuta barədə bilmədikləriniz

Yarım il sonra, iyulun 5-də azalaraq 55 min dollara düşən "Bitcoin"in məzənnəsi "Binance" kriptovalyuta birjasında iyulun 9-da cüzi artımla 57 450 ABŞ dolları (97 666 AZN) olub.

Qeyd edək ki, "Bitcoin"in məzənnəsi ilk dəfə bu il martın 12-də 73 min dollara çatıb və bununla da bütün zamanların ən yüksək səviyyəsini yeniləmiş olub.

Birjalarda "Bitcoin"in qiymətində bu cür ləngərləmə kriptovalyuta bazarı ilə maraqlanan hər kəsin diqqət mərkəzinə düşüb. Bu enmə nə ilə əlaqədardır?

Biznes təlimçi Sənan Həsənov məsələ ilə bağlı Lim10.az-a açıqlamasında bildirib ki, hazırda qiymətin düşməsi ABŞ-də "Bitcoin" alqı-satqısı olan birjalardakı böyükhəcmli satışlarla əlaqədardır.

"ABŞ hökumətinin "Bitcoin" və digər kriptovalyutalara olan rəsmi münasibətinin dəyişməsi zaman-zaman bu cür kəskin qiymət dalğalanmalarına səbəb olur. Eyni zamanda, bir sıra dövlətlərin bağlanmış birjalardan müsadirə etdiyi kriptoaktivlərin yerdəyişməsi də qiymətə təsir edir. Məsələn, "Arkham Intelligence"də qeyd olunan məlumatlara əsasən, bağlanmış "Mt.Gox" birjasından alman hökuməti tərəfindən müsadirə olunmuş səkkiz milyard dollarlıq kriptovəsaitdən 2.7 mlrd. dollar dəyərində "Bitcoin" satılaraq zərərçəkənlərin ödənişlərinə yönləndirilib. Kriptoinvestorlar qalan kriptoaktivlərin taleyinin necə olacağını bilmədiklərinə və satışa yönləndirmə ehtimalının yüksək olduğuna görə panikaya düşərək satışlar da edirlər. Bütün bunlar qiymətin azalmasına təsir edir. Digər "coin"lər də "Bitcoin"ə nisbətdə alqı-satqı olunduğu üçün müvafiq olaraq onların da qiyməti düşür", - deyə S.Həsənov vurğulayıb.

Müasir dünyanın virtual valyuta bazarına yeni qoşulmaq istəyənləri isə bir sual maraqlandırır:

"Bitcoin"i necə almaq olar?

S.Həsənov qeyd edir ki, öncə stabil "coin" adlandırılan USDT, USDC almaq lazımdır. Bu "coin"lər, adətən, dollarla birə-bir dəyərdə olur və qiyməti dəyişmir. Yəni 1 dollar = 1 USDT. Azərbaycanda ən geniş yayılmış alış metodu "Binance" birjası üzərindən P2P, yəni şəxsdən şəxsə (Person to Person) alış metodudur. Bu üsulda "Binance" birjası özü zəmanətçi rolunda olduğu üçün risk minimumdur. USDT aldıqdan sonra "Binance" birjasında alış orderi yaradıb "Bitcoin"i rahatlıqla almaq olar.

Ekspert bildirir ki, "Bitcoin" bir sıra ölkələrdə rəsmi tanınır və ödəniş vasitəsi olaraq istifadə edilir:

"Ancaq bir çox ölkələr var ki, "Bitcoin" hələ də nə aktiv, nə də ödəniş vasitəsi kimi tanınır. Azərbaycanda da hələ ki kriptovalyutalarla bağlı qanun qəbul olunmadığı üçün ona rəsmi bir münasibət yoxdur. Təcrübədə isə insanlar daha çox yüksək qiymət dəyişikliklərinə görə "Bitcoin"dən yatırım vasitəsi kimi istifadə edirlər".

Xatırladaq ki, "Bitcoin" virtual valyutadır. O, ilk dəfə 2008-ci ildə meydana çıxıb. Son vaxtlar ümumi dəyəri 55-57 min dollar civarında olan "Bitcoin"in dövriyyəsi sürətlə artmaqdadır.

Qısaldılmış adı BTC olan "Bitcoin"in digər valyutalardan fərqi ondadır ki, o, xüsusi alqoritmdən istifadə olunaraq yaradılan şifrələnmiş məlumatlardan ibarətdir. Yəni onu nə gözlə görmək, nə də əllə tutmaq mümkündür. "Bitcoin" yalnız blokçeyn texnologiyası əsasında mövcud ola bilər.

Bəs blokçeyn texnologiyası nədir?

Blokçeyn texnologiyasına rəqəmsal reyestr də demək olar. Onun digər rəqəmsal reyestrlərdən fərqi odur ki, burada məlumatlar vahid bazada toplanmır və heç kim bu məlumatları dəyişdirə bilmir. Blokçeyn texnologiyasına əsaslanan məlumat bazası eyni vaxtda milyonlarla kompüterə bağlı olur. Hər hansı yeni bir məlumat daxil edildikdə həmin məlumatın mövcud olduğu digər daşıyıcılarda da bu məlumatla bağlı müvafiq qeydlər aparılır.

Məsələn, siz yeni bir "Bitcoin" aldığınız və ya satdığınız zaman bu məlumat dünyada mövcud olan digər "Bitcoin"li daşıyıcılardakı məlumatlarla uyğunluq təşkil etməlidir. Yeni "Bitcoin" köhnə "Bitcoin"lərin mübadiləsi (alqı-satqısı) zamanı yaranır və mürəkkəb alqoritm zəncirinin bir halqasına çevrilir.

"Bitcoin"in qiymətinin kim tərəfindən müəyyənləşdirilməsinə gəlincə, mütəxəssislər qeyd edirlər ki, məzənnə sərbəst bazar şərtləri, yəni tələb və təklif əsasında formalaşır. Bir tərəfdə "Bitcoin" satanlar, digər tərəfdə isə "Bitcoin" alanlar dayanırlar. Qiymətlər də milyonlarla alıcı və satıcının təklifləri əsasında formalaşır.

Virtual olduğu üçün "Bitcoin"i istənilən sayda artırmaq olarmı?

Mütəxəssislər bildirirlər ki, xeyr, bu mümkün deyil. Çünki yeni "Bitcoin" bu valyutanın mübadiləsi zamanı ortaya çıxır və mürəkkəb alqoritmə əsaslanır. Hazırda dünyada təxminən 18,3 milyondan çox "Bitcoin" var və onların sayı 21 milyona çatdıqda dayanacaq. Ümumiyyətlə, "Bitcoin"lə bağlı bütün məlumatlar olduqca dəqiq riyazi hesablamalara əsaslanır. "Bitcoin"lərin sayının 21 milyona çatacağı tarix isə 2140-cı il göstərilir.

Əzizə İsmayılova