Rayonlarımız maliyyə müstəqilliyinə malikdir?
Rövsən Ağayev
Yenə rəsmi təbliğat başlayıb ki, özünü maliyyəşdirən bölgələrimizin sayı 2023-cü ildə də artacaq.
Bağçaların rayon (şəhər) icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinə verilməsilə məktəbəqədər təhsil xərcləri də "yerli xərc" statusunu itirmiş oldu.
Hökumətin hazırda istifadə elədiyi metodologiyaya görə ("Büdcə sistemi haqqında" Qanundan çıxış edərək) o rayonlar maliyyə cəhətdən müstəqil hesab edilir ki, onların ərazisində toplanan yerli vergilər icra hakimiyyətlərinin öz aparatının saxlanması və kommunal xidmət (JEK-lər) müəssisələrinin maliyyələşməsi üçün yetərlidir. Halbuki son 5-6 ilə qədər orta təhsil, yerli səhiyyə infrastrukturu, mədəniyyət sahəsi, yerli yollar ilə bağlı xərclər də yerli xərclər hesab edilirdi və rayonların maliyyə müstəqilliyi bu xərclələrin cəmilə gəlirlər arasında fərqə əsasən müəyyn edilirdi.
Rayonların təhsilinin, səhiyyə sisteminin, mədəniyyət və incəsənət sahəsinin, sosial müdafiə, kənd təsərrüfatı və meliorasiya sisteminin, yol infrastrukturunun saxlanması kimi bütün maliyyə ehtiyacları ilə bağlı büdcə ayırmaları mərkəzi xərc hesab edildiyi üçün onların maliyyə müstəqilliyində bu xərclər nəzərə alınmır.