Hindistanda müəllim ev tapşırığını yerinə yetirməyən şagirdin dişini çıxardı

Müəllim ev tapşırığını yerinə yetirmədiyi üçün şagirdi çubuqla döyüb və dişini çıxarıb.

Lim10.az lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Hindistanda, Uttar Pradeş ştatının Ray Bareli şəhərində baş verib.

Məhəmməd Asif adlı müəllim 10-cu sinif şagirdinə hücum edib. Yeniyetmə şəxsi məsələlərə görə ev tapşırığını yerinə yetirə bilmədiyini deyib.

Bu, Asifi qəzəbləndirib və o, çubuq götürərək şagirdi döyüb. Yeniyetmə üzündən çoxsaylı zərbələr alıb və dişini itirib. Zərərçəkənin sinif yoldaşları hadisə barədə dərhal məktəb direktoruna məlumat veriblər və o, təcili yardım çağırıb. Şagird xəstəxanaya aparılıb və bir gün sonra evə buraxılıb.

Eyni zamanda uşağın atası Asifin əleyhinə polisə ərizə yazıb. Müəllim həbs edilib. Məktəb rəhbərliyi də hadisə ilə bağlı daxili araşdırmaya başlayıb. Yerli camaat şagirdin tərəfinə keçərək müəllimin ciddi şəkildə cəzalandırılmasını tələb edib.