Lloyd Ostindən 11 sentyabr terrorçularını edam cəzasından xilas edən sövdələşmə ilə bağlı qərar

Pentaqon rəhbəri Lloyd Ostin 11 sentyabr 2001-ci il terror aktında ittiham olunan üç nəfərlə onlara ölüm cəzasından yayınmağa imkan verəcək məhkəməyəqədər sazişin bağlanmasını ləğv etmək qərarına gəlib.

Lim10.az-ın məlumatına görə, müvafiq bəyanat Pentaqonun saytında dərc edilib.

"Səlahiyyətlərimdən istifadə edərək, yuxarıda göstərilən iş üzrə 31 iyul 2024-cü il tarixində imzaladığınız üç məhkəməyəqədər sazişdən imtina edirəm", - deyə Ostin hərbi komissiyaların çağırılması üzrə səlahiyyətli nümayəndə Syuzan Eskalyeyə ünvanladığı məktubda yazıb.

Həmçinin qeyd olunub ki, ABŞ müdafiə nazirinin qərarı dərhal qüvvəyə minib.

Bundan əlavə, Ostin Eskalyeni bu iş üzrə qərar qəbul etmək hüququndan məhrum etdiyi və müvafiq səlahiyyətləri özündə saxladığı barədə də hamını məlumatlandırıb.

Xatırladaq ki, iyulun 31-də hərbi komissiyaların çağırılması üzrə səlahiyyətli nümayəndə Syuzan Eskalyenin 11 sentyabr 2001-ci il Nyu-York terror aktı işi üzrə üç təqsirləndirilən şəxslə məhkəməyəqədər saziş bağladığı məlum olmuşdu. Belə ki, terrorun təşkilatçıları ölüm cəzasının əvəz edilməsi müqabilində təqsirlərini etiraf etməyə razılaşmışdılar.