ABŞ-ni "Debbi" qasırğası vurdu: Ölənlər var

ABŞ-nin Florida və Corciya ştatlarında "Debbi" qasırğası nəticəsində azı altı nəfər ölüb.

Bu barədə Lim10.az "NBC News"a istinadən xəbər verir.

"Florida ştatının Qeynsvill şəhərindən olan 13 yaşlı yeniyetmənin və Cənubi Corciyadan olan 19 yaşlı oğlanın ölümü də daxil olmaqla, ən azı altı ölüm faktı təsdiqlənib: beşi Florida ştatında, biri isə Corciyada", - deyə nəşr yazıb.

Bildirildiyinə görə, qasırğa ABŞ-nin cənub-şərq bölgəsi üçün ciddi daşqın və tufan dalğaları təhlükəsi yaradıb. Potensial olaraq rekord həcmdə yağıntı gözlənilir ki, bəzi ərazilərdə bu, 20 düyüm (50,8 sm), bəzi yerlərdə isə 30 düyüm (76,2 sm) ola bilər.

Bundan əlavə, Milli Qasırğaya Nəzarət Mərkəzi Corciyanın şərqində, Cənubi Karolinanın sahil düzənliyində və Şimali Karolinanın cənub-şərqində fəlakətli daşqın barədə xəbərdarlıq edib.

Xatırladaq ki, daha əvvəl, avqustun 6-da "Debbi" qasırğası səbəbindən 160 minə yaxın sakinin işıqsız qaldığı bildirilmişdi. Təbii fəlakət 1-ci kateqoriyaya aid edilib, çünki küləyin sürəti saatda 80 milə (128 km/saat) çatıb. Daha sonra təbii fəlakət tropik fırtına kateqoriyasına endirilib. Səlahiyyətlilərin məlumatına görə, fırtına yavaş-yavaş ölkənin şimal-şərqinə doğru irəliləyir.

Qeyd edək ki, daha əvvəl Florida qubernatoru Ron Desantis üç min milli qvardiyaçını qasırğa ilə bağlı təlimatlandırmış və bəzi bölgələrdə məcburi təxliyə əmri vermişdi. Həmçinin, Florida, Corciya və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edilmişdi.