Mən ət yeyirəm, sən kələm - biz orta hesabla dolma yeyirik?

Keçən il açıqlanan son məlumatlara əsasən, Azərbaycanda işçilərin təxminən 80%-i orta aylıq əmək haqqı səviyyəsindən aşağı, cəmi 20%-i isə orta aylıq əmək haqqı səviyyəsindən yuxarı maaş alır. 2023-cü il dekabrın 1-nə Azərbaycanda orta aylıq əmək haqqı 923 manat təşkil edib.

Bu tarixdə ölkədə 1 milyon 733 min işçi işlə təmin olunub. Lakin onlardan yalnız 22,4 faizi (388 min nəfər) 900 manatdan çox, 77,6 faizi (1 milyon 345 min nəfər) isə 900 manatdan az əmək haqqı alıb.

Maraqlıdır ki, işçilərin 10,7 faizinin (185 min nəfər) əmək haqqı müəyyən edilmiş minimum əmək haqqından belə aşağıdır. daha 257 min işçi (məşğul əhalinin 14,9 faizi) minimum əmək haqqı civarında maaş alır.

Azərbaycanda 1500 manat və daha çox maaş alanlar da az deyil. Bu maaşı alanların sayı 158 minə (məşğul əhalinin 9 faizinə) yaxınlaşıb.

İqtisadi nəzəriyyəyə əsasən, həm orta, həm də minimum əmək haqqı bir göstərici olaraq ölkədəki məşğul əhalinin maddi maraqlarının daha yüksək səviyyədə ödənilməsini təmin etmək üçün hesablanır. Hökumətin hədəfi bu göstəriciləri daha yüksək səviyyəyə qaldırmaq olmalıdır. Minimum, orta və ən yüksək əmək haqqılar arasında böyük təzad yaranırsa, deməli sürdürülən iqtisadi siyasət hədəflərinə çata bilməyib və indikatorların səmərəliliyi özünü doğrultmur. Sadə dildə desək, əməkçilərın 26,6 faizi minimum əmək haqqı və ondan aşaği, 80 faizi isə orta aylıq əmək haqqından aşaği, yalnız 20 faizi orta aylıq əmək haqqından yuxarı maaş alırsa bu ciddi fərq sayılır. Yəni bir gösərici - orta aylıq əmək haqqı yalnız 10 faiz əməkçinin maddi durumunu özündə əks etdirir, qalan 80 faizin bu göstəriciyə heç bir aidiyyəti yoxdur. Təsəvvür edin ki, əməkçilərın 20 faizi ət, 80 faizi isə kələm yeyir, deməli bütün işçilər dolma yeyir? Axı kələm yeyənin ətdən xəbəri yoxdur…

Onu da qeyd edək ki, Azərbaycan hökuməti 2001-ci ildə Avropa Sosial Xartiyasına qoşulanda öhdəlik götürmüşdü ki, qarşıdakı 5-6 il ərzində minimum əmək haqqını orta aylıq əmək haqqının 60 faizi səviyyəsinə çatdıracaq. Həmin vaxtdan 23 il keçməsinə baxmayaraq, hazırda Azərbaycanda minimum əmək haqqı (345 manat) orta aylıq əmək haqqının (1000 manat) cəmi 34,5 faizini təşkil edir. Avropalılar belə düşünür ki, minimum əmək haqqı orta aylıq əmək haqqına nə qədər yaxın olsa bir o qədər yaxşıdır və bu düzgün yanaşmadır. Minimum əmək haqqı hökumətin vətəndaşinın maddi mənafeini qoruyan bir alətidir. Hökumət bu göstərici ilə sahibkara deyir ki, sən mənim vətəndaşıma minimum əmək haqqından aşağı əmək haqqı verə bilməzsən. Gəlin görək, Azərbaycanın təsdiq etdiyi bu məbləğ vətəndaşın maddi mənafeyini qoruya bilirmi? Tutaq ki, 3 nəfərdən ibarət bir gənc ailənin başçısı minimum əmək haqqına işləyir, arvadı isə körpə uşağa baxır. Ölkədə əmək qabiliyyətli əhalinin minimum istehlak səbəti 287 manat, uşaqlar üçün isə 235 manat müəyyənləşib. Üç nəfərdən ibarət olan ailənin minimum istehlak səbətinin dəyəri 809 manat təşkil edirsə, bu ailə 345 manatla neçə dolansın? Belə ailələrə əslində Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) düşür. Amma bu yardımı almağın özü də bir qəhrəmanlıq tələb edir.

27 ölkəni birləşdirən Avropa İttifaqının 21 üzvü minimum əməkhaqqı sistemi tətbiq edir. 2022-ci il yanvarın 1-nə minimum əmək haqqının ən yüksək məbləği Lüksemburqda qeydə alınıb: 2257 avro.

İrlandiyada minimum əməkhaqqı 1775, Niderlandda 1725, Belçikada 1658, Almaniyada 1621, Fransada 1603, İspaniyada 1126, Sloveniyada 1074 avro göstərilir. Qalan ölkələr minimum maaş məbləğinə görə belə sıralanır:

Portuqaliya – 823 avro

Malta – 792 avro

Yunanıstan – 774 avro

Litva – 730 avro

Polşa – 655 avro

Estoniya – 654 avro

Çexiya – 652 avro

Slovakiya – 646 avro

Xorvatiya – 624 avro

Macarıstan – 542 avro

Rumıniya – 515 avro

Latviya – 500 avro

Bolqarıstan – 332 avro.

Mənbə: Eurostat

Qeyd edək ki, həmin vaxt 100 avro 193 manat təşkil edib. O vaxt Azərbaycanda aylıq əməkhaqqının minimum məbləği 300 manat müəyyən edilmişdi.

Əslində məşğul əhalinin əmək haqqı arasında belə ciddi təzadlar yarandıqda hökumət vəziyyəti özündə daha real əks etdirən indikatorlara müraciət etməlidir ki, nə özü aldanmasın, nə də cəmiyyət. Belə ki, indiki halda biz median əmək haqqı göstəricisini daha optimal indikator kimi götürməliyik. Median əmək haqqı nədir və necə hesablanır?

Median əmək haqqı əmək qabiliyyətli əhalinin aşağı əmək haqqı alan yarısının orta aylıq əmək haqqıdır. Əmək qabiliyyətli əhalinin siyahısı əmək haqqının artan və ya azalan sırası ilə tərtib edilir və ən aşağı əmək haqqı alan yarısının orta aylıq əmək haqqı hesablanır. Bununla da hökumət hədəf olaraq median əmək haqqının artırılmasını seçir. Bütün cəhdlər də bu hədəfə döğru işə salınır.

Ölkədə bütün növ əmək haqlarının artması üçün dinamik əmək bazarı formalaşmalıdır ki, hər əmək qabiliyyətli əhaliyə bir neçə iş təklif edilsin. İşçi isə ona sərf edən ən yaxşı işi seçə bilsin. O zaman işçinin iş təklifindən imtina etdiyi sahibkarlar axtaracaq ki, işçi niyə məndən imtina etdi, qonşumu və ya kənar həmkarımı seçdi. Araşdıraraq görəcək ki, rəqibləri daha çox əmək haqqı, daha yaxşı iş şəraiti təklif edir, məhz səbəb budur. Onda işçi tapa bilməyən sahibkar da analoji addımlar atacaq - maaşi artıracaq, daha münbit iş şəraiti yaradacaq.

Dinamik əmək bazarını formalaşdirmaq üçün isə özəl sektorun inkişafına mane olan bütün əngəllər aradan qaldırılmalıdir ki, onlar çoxalsın, böyüsün, inkişaf etsin və daha çox işçiyə tələb yarada bilsin.

Akif NƏSİRLİ