Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

Uzufrukt daşınmaz əmlakın elə yüklülüyüdür ki, bu zaman xeyrinə yüklülük müəyyənləşdirilən şəxs ondan istifadə etmək və fayda götürmək hüququna malikdir. Lakin mülkiyyətçidən fərqli olaraq uzufruktuar daşınmaz əmlakı girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir. Daşınmaz əmlak üzərində uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi xidmətləri Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarında və elektron formada göstərilir.

Uzufruktun dövlət qeydiyyatın alınması üçün müşayət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, notariat qaydasında təsdiq olunmuş uzufrukt müqaviləsi, ərizə və digər sənədlər tələb olunur. 3 iş günü ərzində həyata keçirilən xidmət üçün 20 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Qeyd edək ki, ödəniş bank hesabı, onlayn və terminal vasitəsilə aparıla bilər. Xidmətdən onlayn formada istifadə etmək istəyənlər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 26-cı bölməyə- “Daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” xidmətinə daxil ola bilər. Bu xidmətin nəticəsi olaraq hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış uzufrukt müqaviləsinin tərəfinə təqdim edilir.

Uzufruktun dövlət qeydiyyatının ləğv edilməsi üçün tələb olunan sənədlərə uzufrukta xitam verilməsi barədə notarial qaydada təsdiq edilmiş razılaşma, müşayət məktubu, ərizə, uzufruktuarın uzufruktdan imtinası barədə sənəd və digərləri aiddir. 3 iş günü ərzində həyata keçirilən xidmət üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Xidmətdən onlayn formada istifadə etmək istəyənlər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 25-ci bölməyə-“Daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” xidmətinə daxil ola bilər.

Bu xidmətlərdən istifadə etmək istəyən vətəndaşlar elektron formada müraciətlə bərabər, Əmlak Xidmətləri Məkanına və Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə yaxınlaşa bilər.