Dövlət Neft Fondunun aktivlər 49 milyard dolları keçdi
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2022-ci il dekabrın 31-ə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 8.9% artaraq 49 033,6 milyon ABŞ dolları təşkil etmişdir.
2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 586,0 milyon ABŞ dolları, büdcə xərcləri isə 4 699,0 milyon ABŞ dolları təşkil etmişdir.
2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 20 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 5,6 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 7 923,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 22,2 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 15,2 milyon manat yönəldilmişdir.
2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 27.9 milyon manat təşkil etmişdir.
2022 il ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 2 461.3 milyon ABŞ dolları azalma müşahidə olunmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 878,5 milyon ABŞ dolları təşkil etmişdir.
Bildirək ki, 4-cü rüb ərzində iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, eləcə də, ABŞ-da inflyasiya göstəricisinin nisbətən aşağı düşməsi mərkəzi bankların növbəti dövrlərdə daha yumşaq monetar siyasətə keçidinə dair ehtimalı artmışdır ki, bu da investorlar tərəfində müsbət siqnal kimi qarşılanmışdır. Belə ki, sonuncu rüb ərzində səhm və istiqraz alətləri bazarlarında ilin digər rüblərinə nisbətən müsbət gəlirlilik müşahidə olunmuşdur.
Eyni zamanda 4-cü rüb ərzində ABŞ-da uçot faiz dərəcələrinin artım tempininin digər rüblərlə müqayisədə nisbətən aşağı olması və növbəti dövrlərdə tempin daha da azalması gözləntiləri, eyni zamanda Avropa Mərkəzi Bankının uçot faiz dərəcələrinin artımının daha uzun müddətdə davam edilməsinə dair planları ötən il ərzində daha çox dəyər qazanan ABŞ dollarının zəifləməsi, avronun və digər əksər valyutaların isə güclənməsi ilə nəticələnmişdir.
2022-ci il ərzində beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapmışdır. İlin əvvəlindən baş verən geosiyasi gərginlik və bunun enerji qiymətlərinə təsiri, eləcə də, mərkəzi bankların sərt monetar siyasətlərin davamlı olacağına dair bəyanatları maliyyə bazarında artan inflyasiya dərəcəsi fonunda müşahidə olunan dalğalanmaları daha da artırmışdır. İl ərzində mərkəzi bankların rəsmilərinin monetar siyasət ilə bağlı qarşıdakı dövrlər üzrə planlarına dair bəyanatları, eləcə də, buna təsir edən inflyasiya və əmək bazarına dair iqtisadi göstəricilər maliyyə bazarlarına təsir edən əsas amillər kimi qeydə alınmışdır. Belə ki, ABŞ-da inflyasiya dərəcəsi son aylarda nisbətən düşmə trendini nümayış etdirsə belə, əmək bazarının dayanlıqlı olması və bunun inflyasiya dərəcəsinə adətən müsbət təsir etməsi FED-in sərt monetar siyasətinin 2023-cü ilin əvvəlində də davam etməsinə işarə edir. Avropa və Birləşmiş Krallığa gəldikdə isə, bu regionlarda inflyasiya dərəcəsinə dair gözləntilərin hələ də kifayət qədər yüksək olması, eyni zamanda Birləşmiş Krallıqda əmək bazarında işçi qüvvəsinin çatışmazlığı mərkəzi bankların sərt monetar siyasətinin ABŞ ilə müqayisədə daha yüksək temp ilə davam etməsinə işarə edir.
Yuxarıda qeyd edilən baş vermiş hadisələr səbəbindən il ərzində neft və qaz satışından əldə olunan daxilolmalar artmışdır ki, bu da ARDNF-nin investisiya portfelinin həcmində öz əksini tapmışdır