İsveçin Ankaradakı səfirliyi bağlanıb
İsveçin Türkiyənin paytaxtı Ankaradakı səfirliyi mümkün nümayişlərə görə müvəqqəti olaraq bağlanıb.
Bu barədə İsveçin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, ötən həftə sonu səfirlik qarşısında toplaşan qəzəbli kütlə müxtəlif şüarlar səsləndirib, İstanbuldakı konsulluğun qarşısında toplaşan etirazçılar isə İsveç bayrağını yandırıblar.
Bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasından sonra İsveç NATO-ya üzv olmaq səylərində rəsmi Ankaranın dəstəyinə ümid edə bilməz.
Xatırladaq ki, yanvarın 21-də sağçı ekstremist “Sərt kurs” Partiyasının lideri Rasmus Paludan Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quran kitabını nümayişkaranə şəkildə yandırıb. R.Paludan çıxışında NATO, Türkiyə və Ərdoğanı tənqid edib, eləcə də Məhəmməd Peyğəmbərin karikaturasını nümayiş etdirib.