Kredit faizləri artacaq!

Azərbaycan Mərkəzi Bankında depozit gəlirlərində vergi güzəştlərinin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcəyini hesab edirlər. Yəni, güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda banklar depozitlər üzrə faizləri artıracaq.

Bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalmas baş verməsin.

“Vergi Məcəlləsinə əsasən, 7 il müddətinə depozit gəlirlərinə güzəşt tətbiq olunub və bu dövr artıq başa çatıb. Depozit gəlirlərini vergiyə cəlb olunması qanunvericiliyin tələbidir”, – deyə, AMB-nin sədri Taleh Kazımov dünən press-konfransda bildirib. Kazımova görə, güzəştlərin ləğvi əmanət bazasına hər hansı təhdid yaratmır: “Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik”.

Bununla bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, bu əslində Azərbaycanda kredit fazilərinin yenidən arta bilməsinə də işarədir.

“Mərkəzi Bankın özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir. Deməli, depozit faizlərin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni, əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda kreditlər bahalaşacaq”.

Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19.59 milyard manatdır.

Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Fevralın 1-dən isə bu güzəşt qüvvədən düşdü və heç bir dəyişiklik edilmədi.

Yeri gəlmişkən, Mərkəzi Bank ölkədə artan trendlə davam edən inflyasiyanı cilovlamaq üçün faizləri 25 baza bəndi artırmaqla 8.5%-ə qaldırdı. Digər tərəfdən isə məcburi ehtiyat normalarını 1%-dən 4-5%-ə qədər artırıb ki, bu da bankların əlindəki 1 mlrd. manat ekvivalenti üzərində vəsaitin AMB-də saxlanmasını məcburi edir. Anti-inflyasiya tədbiri olaraq açıq bazar əməliyyatından dayanmır. Həftəyə 120 mln. manatlıq vəsaiti bazardan not emissiya etməklə yığır.


Azərbaycan Mərkəzi Bankı bazarda pul yığmaq məqsədi ilə 4 fərqli tədavül müddəti üzrə növbəti notlarını hərraclarda yerləşdirib.

Bakı Fond Birjasından daxil olan məlumata görə, AMB bu həftə də ümumilikdə 4 növ notdan 120 mln. manat cəlb edib.

Mərkəzi Bankın notları 28, 84, 168 və 252 gün üzrə keçirilib.

28 günlük notların orta gəlirliliyi 6.32%-dən 6.7%-ə, 84 günlük 7.38%-dən 7.69%-ə, 168 günlük 8%-dən 8.22%-ə, 252 günlük üzrə isə 8.91%-dən 8.94%-ə yüksəlib.

28 günlük notların gəlirliliyi sonuncu dəfə bu qiymətə 2019-cu ilin mayında olub – Həmin dövrdə orta gəlirlilik 6.76%-dən 6.71%-ə yüksəlib.

Mərkəzi bankın notları 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi Bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır.

AMB ölkədə uçot faiz dərəcəsini işə salmaq üçün 2022-ci ilin üçüncü rübündən əlində olan alətlərdən “aqressiv” formada istifadə edir ki, istəyəndə faizləri qaldırsın və ya endirsin. Bunu ona görə etmək istəyir ki, ölkədə inflyasiyanın yüksək olduğu şəraitdə dünya prakitkiasındakı kimi istifadə edə bilsin. Lakin Azərbaycanda bu, illərdir bazara təsir edə bilmir.

Yeni baş bankirin belə bir məqsədinin olması özünün dilindən də çıxıb ki, AMB-nin uçot faiz dərəcəsinin işləməsi ilə bazara təsiri artsın. Çünki artıq bir ildən çoxdur AMB sərtləşməyə əl atıb və ehtiyat normalarını 5%-ə qədər artırmaqla kreditləri bahalaşdırmaq istəyir, bazarın reaksiyası isə zəifdir. Bank kreditləri yüksəlmək əvəzinə, aşağı düşür. Bununla da kreditə meyilliliyi azaldıb, depozitə meyilliliyi artırmaq istəyir. Bu, anti-inflyasiya tədbiri kimi işə yararlı alətdir. Requlyator son açıqlamada bildirdi ki, bunun təsirini görmək üçün 8 rüb lazımdır. Çünki ölkə banklarının maliyyə vəsaitlərinin böyük hissəsi AMB-nin “iradəsindən kənar” dövr edir.

Mərkəzi Bank məhz bu səbəbdən ötən ilin son rübü uçot faiz dərəcəsinin aşağı həddini 6.25%-dən 4.00%-ə endirdi. Bununla banklardan daha aşağı faiz xərci ilə vəsait cəlbi məqsəd qoyulmuşdu. Hər həftəyə AMB 120 mln. manatlıq vəsaiti “pul soran maşın” saydığımız notlarla bazardan çəkməyə başladı.

Lakin indi bu da faktdır ki, pul siyasətinin transmisyası ən çox dövlət istiqrazları və notlarda müşahidə edilir. Belə ki, notların ödəniş faizləri hərracdan-hərraca yüksəlir.

Bəs faizlərin yüksəlməsinin kredit bazarına təsiri ola bilərmi?

Azərbaycanda kreditlərdə ən yüksək pay real sektora, yaxud sadə dillə desək, biznesə yönəldilən kreditlərə düşür. Biznes kreditləri əksər vaxtları istehlak kreditindən daha aşağı faizlə verilir. Bu zaman ölkədə hər hansısa bankın riski sıfıra yaxın olan notlara yatırım etmək əvəzinə hər hansısa biznesə yönəltməsi inandırıcı deyil. Yəni, Bank hətta 2% bəndi ucuz olan AMB notlarına daha çox pul yatıra bilər, nəinki hansısa makro və mikro iqtisadi təsiri ilə riski çox olan biznesə. İndi biznes kreditlərinin illik ortalama faizi 10%-dir.

Odur ki, AMB-nin notlarının gəlirliliyindəki artım gələcəkdə biznes kreditlərinin və ya istehlak və əmlak kreditlərinin bahalaşmasına təsir edə bilər. Burada önəmli nüans həftəlik həcmin növbəti aylarda 120 mln. manatdan yuxarı qaldırılıb-qaldırılmamasıdır. Bu həcm uğrunda bankların “böyük rəqabətinin” olması şübhəsizdir. Bunu BFB-nin hərraclarındakı rəqabət də göstəririr.

Xatırladaq ki, AMB bu ayın sonu uçot faiz dərəcəsi ilə bağlı ilin ilk qərarını verəcək.