11 noyabr tarixindən etibarən Bakıda COP29 iqlim konfransı öz işinə başlayıb. Konfransda iştirak etmək məqsədilə paytaxta səfər edən çox sayda qonağın təhlükəsiz və rahat daşınmasının təmin edilməsi üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən koordinasiyalı hazırlıq işləri çərçivəsində tədbir məkanı, hava limanı və şəhərin müxtəlif strateji ərazilərində yerləşən nəqliyyat qovşaqları arasında müvafiq nəqliyyat sxemi tətbiq edilməkdədir.
Lim10.az xəbər verir ki, 5-11 noyabr tarixlərində konfransdan əvvəlki ilkin sessiyalar və konfransın ilk günləri ərzində tədbir məkanı və müxtəlif nəqliyyat qovşaqları arasında xüsusi marşrutlar üzrə fəaliyyət göstərən avtobuslar vasitəsilə 58 000-dən çox iştirakçının hərəkəti təmin edilib.
Qurumların operativ koordinasiyası və paytaxt yollarında nəqliyyat axınının peşəkar tənzimləməsi nəticəsində COP29 iştirakçıları yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri ilə təmin ediliblər.