Hibrid və elektrik avtomobillərin idxalı artıb
Bu ilin yanvar ayında Azərbaycana 21 059,88 min ABŞ dolları dəyərində 933 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid avtomobillər) idxal olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 5 898,96 min dollar və ya 2 dəfə çox, say baxımından isə 204 ədəd və ya 17,9 faiz azdır.
Ötən ilin dekabr ayına nisbətdə isə cari ilin ilk ayında hibrid avtomobillərin idxal dəyəri 1,5 faiz, həcmi isə 9,2 faiz artıb.
Bununla bu ilin yanvar ayında dəyəri 4 937,88 min dollar təşkil edən 119 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobillər) idxal olunub ki, bu da 2022-ci ilin eyni ayının göstəricilərindən müvafiq olaraq 9,8 dəfə və 9,1 dəfə çoxdur.
2022-ci ilin dekabr ayına nisbətdə isə bu ilin yanvarında elektromobillərin idxal dəyəri 48 faiz, həcmi isə 54,5 faiz artıb.