“SOCAR Petroleum”un yanacaqdoldurma məntəqələrində monitorinqlər aparılıb



“SOCAR Petroleum” QSC-yə məxsus 32 yanacaqdoldurma məntəqəsində və neft bazalarında monitorinqlər aparıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, Xidmət tərəfindən qeyd olunan YDM-lər və neft bazalarında istifadə olunan 1992 sayda ölçmə vasitəsi (yanacaq paylayıcı kolonka, yanacaq çəni, ölçü qabı və s.) müəyyən edilib. Hazırda həmin ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçmə vasitələri, habelə maye qazdoldurma məntəqələrində avtonəqliyyat vasitələrinə qaz doldurulmasında tətbiq edilən qaz həcmi və kütləsinin ölçmə vasitələrinin yoxlamaya təqdim edilmədən istifadəsi qadağandır.

Təsərrüfat subyektləri tərəfindən yoxlamaya təqdim edilməmiş ölçü cihaz və avadanlıqlarından istifadə inzibati məsuliyyətə səbəb ola bilər. Ümumilikdə qeyd edilən inzibati məsuliyyət və qadağalar ölkə ərazisində yanacağın, eləcə də maye qazın satışını həyata keçirən bütün yanacaqdoldurma məntəqələrinə şamil edilir.

Xidmətdən bildirilib ki, istehlakçılar yanacaqdoldurma və maye qazdoldurma məntəqələrində istifadə olunan ölçü cihaz və avadanlıqların üzərinə vurulan yoxlama nişanı və eləcə də yoxlama haqqında şəhadətnaməni tələb edə bilərlər.