Vergi ödəyicisi vətəndaşdan maşın alarkən nə etməlidir?
Vergi ödəyicisi vergi ödəyicisi olmayan fiziki şəxsdən nəqliyyat vasitəsini satın aldıqda hansı şərtlərə əməl etməlidir?
Mən fiziki şəxs kimi ƏDV ödəyicisiyəm. İş məqsədləri üçün yük maşını almaq istəyirəm. Maşını adi vətəndaşdan alıb balansa sala bilərəm, yoxsa hər hansı şirkətdən almalıyam?
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi tərəfindən nəqliyyat vasitəsinin vergi ödəyicisi olmayan fiziki şəxslərdən (vətəndaşlardan) alınması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
Qeyd edilib ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aiddir.
Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinin müddəalarına əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Bunlarla yanaşı, əsas vəsaitin balansa daxil edilməsi və balansda əks etdirilməsi ilə bağlı ətraflı məlumat üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-2-ci, 130-cu maddələri.