Azərbaycana təbii bal idxalı azalıb
2022-ci il ərzində Azərbaycana 538,7 min ABŞ dolları dəyərində 98,9 ton təbii bal idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 20,4 faiz, həcm ifadəsində isə 26,3 faiz azdır.
Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox idxal Rusiyadan olunub. Bu ölkədən ötən il 225,25 min dollar dəyərində, 45,01 ton təbii bal idxal edilib ki, bu da 2021-ci ilin göstəricilərindən dəyər və həcm olaraq 19 faiz azdır.
Dəyər ifadəsində ikinci ölkə isə Türkiyə olub. Bu ölkədən Azərbaycana 215,37 min dollarlıq 38,85 ton bal tədarük edilib ki, bu da 2021-ci illə müqayisədə dəyər ifadəsində 2,3 faiz, həcm baxımından isə 22,9 faiz çoxdur.
Üçüncü yerdə olan İspaniyadan isə ölkəyə 48,65 min dollar dəyərində 6,59 ton bal göndərilib. 2021-ci ilə nisbətdə bu ölkələrdən Azərbaycana bal tədarükü dəyər və həcm baxımından 44,1 və 89,3 faiz artıb.
Hesabat dövründə ümumilikdə Azərbaycana 11 ölkədən təbii bal idxal olunub.
Qeyd edək ki, ötən il ərzində Azərbaycandan cəmi 18,63 min dollar dəyərində 0,74 ton təbii bal ixrac edilib. İxracın həcmi illik ifadədə dəyər olaraq 2,8 dəfə və həcm baxımından isə 45,1 faiz artıb. Məhsul əsasən Belçika, İraq, Qətər və Yaponiyaya tədarük edilib.