Azərbaycan-İran sərhədində Rusiyanın yük maşınları növbəyə düzülüb
Qərbin sərt iqtisadi sanksiyalar tətbiq etməsindən sonra Rusiya şərq istiqamətində ticarət yollarını bərpa etməyə çalışır. Lakin yükdaşımaların həcminin kəskin artması üçün nəzərdə tutulmayan infrastrukturun imkanlarının məhdud olması, yük avtomobillərinin sərhədlərdən keçməsində ciddi ləngimələrə səbəb olur.
Beləliklə, Azərbaycan və Dağıstan sərhədində İran istiqamətində uzun yük maşınları növbələri düzülüb. Yaraq-Kazmalyar keçid məntəqəsinin Rusiya tərəfdən çıxış imkanlarının genişləndirilməsinə baxmayaraq, vəziyyət yaxşılaşmayıb.
Xatırladaq ki, Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiyanın yük maşınlarının Avropaya yolu tamamilə bağlanıb. Nəticədə Rusiya yükdaşıyıcıları bu gün İran istiqamətində işləməyə çalışırlar ki, bu da Azərbaycanla sərhəddə növbələrin artmasına səbəb olur – sürücülər həftələrlə gözləməli olurlar.
Rusiyanın Gürcüstanla sərhəddə yerləşən “Verxniy Lars” keçid məntəqəsində infrastrukturun yenidən qurulmasına başlaması və yük maşınlarının Rusiya-Azərbaycan sərhədinə yönləndirilməsi ilə bağlı yaxın vaxtlarda növbələrin daha da artacağı gözlənilir.
“Rusiyanın yük maşınlarının sürücüləri həftələrlə növbələrdə dayanır, Azərbaycan və İran dövlət nömrə nişanlı yük maşınları isə sakitcə keçir, – Rusiya-Azərbaycan sərhədində bir sürücü şikayət edib. – Deyirlər, problem İran sərhədçilərinin ləngliyindədir. Bir aya yaxındır ki, buradayam. Dostum isə İranda ilişib qalıb”.
Dağıstanlı sürücülərin öz problemləri var – onlar qorxurlar ki, onları birbaşa yük maşınlarının kabinələrindən Ukrayna müharibəsinə aparacaqlar. Ona görə də sürücülər daha sonra İrana köçmək üçün Azərbaycan ərazisində həftələrlə gözləməyə üstünlük verirlər.
Dağıstanlı sürücülərdən biri deyir: “Onlar heç nə soruşmadan sürücüləri müharibəyə aparırlar. Ona görə ora getməkdənsə, burada oturub növbə gözləmək daha yaxşıdır”.
Məlumatlara görə, Ələt-Astara-İran sərhədi yolunda növbə Lənkəran körpüsünə qədər uzanıb. Yəni 30 kilometrdən çox.
Qeyd edək ki, son günlər Naxçıvana yük daşıyan azərbaycanlı sürücülər də vaxtlarının çox hissəsini növbələrdə keçirməyə məcbur olublar. Əsasən ona görə ki, onlar İran sərhədçiləri tərəfindən qəsdən saxlanılır.
Bildirilir ki, bir qrup azərbaycanlı yük maşını sürücüsü bu yaxınlarda bir araya gələrək, ictimaiyyətin bu məsələ ilə bağlı maarifləndirilməsi istiqamətində atılacaq addımları müzakirə edib.