Kredit portfeli 17,6% artıb
Bankların kredit portfeli 17,6 faiz artıb
2022-ci ildə bankların kredit portfeli 17,6 faiz (2,9 milyard manat) artaraq 19,6 milyard manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının dərc etdiyi 2022-ci il üzrə “Maliyyə sabitliyi hesabatı”na görə, kredit portfelinin dinamikası ilə iqtisadi aktivliyin dinamikası arasında yüksək korrelyasiya mövcuddur.
Ötən ilin iyul ayında requlyativ çərçivədə istehlak kreditləri üzrə sərtləşmə və ipoteka kreditləri üzrə yumşalma xarakterli dəyişikliklər istehlak kreditlərinin artım dinamikasında azalmanı, ipoteka kreditlərində isə artımı şərtləndirib. İlin sonuna doğru iqtisadi artım tempinin səngiməsi fonunda biznes portfelinin artım tempində də azalma meylləri müşahidə edilib.
2022-ci il ərzində biznes kreditləri portfelinin həcmi 11,4 faiz (1,1 milyard manat) artaraq 10,9 milyard manat təşkil edib. İl ərzində ipoteka portfeli isə 24,3 faiz (584 milyon manat) artaraq 3 milyard manata çatıb. İpoteka portfelində baş verən artım əsasən dövlət ipoteka proqramı hesabına təmin edilib. Dövr ərzində istehlak kreditləri portfeli isə 27,3 faiz (1,2 milyard manat) artaraq 5,8 milyard manat təşkil edib.
Ötən il ərzində biznes kreditləri 1,1 milyard manat artaraq 10,9 milyard manat olub ki, bu da cəmi kredit portfelinin 55 faizidir. Biznes portfelində ticarət və xidmət sektorlarına verilən kreditlər daha yüksək paya malikdir. Belə ki, qeyd olunan bu iki sektora verilən kreditlər biznes portfelinin 48 faizini təşkil edib. 2022-ci ildə sənaye sahəsinə verilən kreditlər istisna olmaqla biznes portfelinin bütün sahələri üzrə artım müşahidə edilib. Biznes portfelinin artımının əsas drayverləri kimi ticarət (545 milyon manat), kənd təsərrüfatı (255 milyon manat), xidmət və digər qeyri-istehsalat (220 milyon manat) sahələrinə verilən kreditlər çıxış edib.