Saatlı fermerlərinin suyunu kim kəsib?

Saatlıda əhali susuzluqdan əziyyət çəkir, hüquq mühafizə orqanları da buna rezin güllələrlə qarşılıq verib, yaralananlar və həbs edilənlər var. Bəs Saatlıda suyu kimlər istismar edir?

Saatlıda “İD-Aqropark” MMC-yə məxsus əkinçilik və bağçılıq üzrə 7000 hektar ərazini (1000 stadiondan daha böyük) əhatə edən bir aqropark yaradılıb. Sahibkarlığın İnkişafı Fondu “İD-Aqropark” MMC-yə 10 milyon manat güzəştli kredit verib.

“İD-Aqropark” MMC keçmiş gənclər və idman naziri Azad Rəhimova aid olub. Hazırda şirkətin “PMD Qrup”a aid olduğu deyilir.

Bundan əlavə kənd təsərrüfatı naziri İnam Kərimova məxsus “Aqro-Az MMC” və “P-Agro” MMC-lərə aid olan aqroparklar da Saatlının su ehtiyatlarını gen-bol israf edir.

Belə olan təqdirdə, əlbəttə, kəndlinin suyunu rezin güllələrdən istifadə edərək kəsib, öz şirkətlərinə məxsus sahələrə axıdacaqlar. Bölgəkərdə yaradılan belə süni aqroparklar da regionlardakı su ehtiyatlarını minimuma endirəcək və xalq susuzluqdan əziyyət çəkəcək.

Hadisələrin inkişafı adama belə təsir bağışlayır ki, su qıtlığını bəzi qüvvələr qəsdən yaradır. Məqsəd isə sadə fermerləri canından bezdirib, torpaqlarını su qiymətinə almaq və o torpaqlar üzərində aqrar inhisar yaratmaqdır. Belə görünür ki, hökumət də suyu idarə etməməklə buna dəstək verir.