Rus neftinin "tavanı uçur"
G7 ölkələri Rusiya neftinə tətbiq edilən qiymət tavanını tənzimləmək fikrində olmadığını açıqlayıb.
“The Wall Street Journal” yazır ki, bunu ABŞ Prezidenti Co Bayden Avropa Komissiyasının sədri Ursula fon der Leyenə müsahibəsində deyib.
Bundan əvvəl qiymət tavanı bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilib. Qəzetin həmsöhbətləri qeyd edirlər ki, “bəzi Avropa ölkələrinin bu ay Qərbin sanksiyalarının sərtləşdirilməsinə olan ümidləri Amerika hakimiyyətinin mövqeyi ucbatından sönməkdədir”.
ABŞ rəsmilərinin sözlərinə görə, mövcud qiymət həddi gözlənildiyi kimi işləyir. Bununla belə, ABŞ Maliyyə Nazirliyi məhdudiyyətin dəyişdirilməsini istisna etməyib.
“Bloomberg” bir gün əvvəl bir neçə ölkənin Rusiyada hasil edilən neftin qiymətinin bir barel üçün 60 dollardan 51.45 dollara endirilməsini tələb etdiyini bildirib. Təşəbbüs Polşa, Litva və Estoniyaya məxsusdur.
Hazırda dünya bazarında Rusiyanın Ural neftinin 1 bareli 45 dollara satılır.
Fevralın əvvəlindən Qərb ölkələrinin Rusiyadan tədarüklərə qarşı yanacaq sanksiyaları qüvvəyə minib. Avropa İttifaqı Rusiya neft məhsullarının idxalına qadağa qoyub. Bununla yanaşı, Aİ və G7 ölkələri qiymət tavanı təyin edib. Həmçinin dekabrın 5-dən etibarən Avropa İttifaqı artıq dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etmir.