Gürcüstan Azərbaycana məhsul ixracını artırıb
Bu ilin yanvar-fevral aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətdə 2,8 faiz azalaraq 242 151,6 min ABŞ dolları təşkil edib.
Gürcüstan Milli Statistika İdarəsinin hesabatına görə, cari ilin ilk iki ayında Gürcüstandan Azərbaycana 111 237,1 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 20,5 faiz üstələyir. Hesabat dövründə Azərbaycandan Gürcüstana idxal isə 16,5 faiz azalaraq 130 914,5 min dollar olub.
2023-cü ilin yanvar-fevral ayları üzrə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində ilk on ticarət tərəfdaşının payı 68,5 faiz təşkil edib. Azərbaycan bu siyahıda Rusiya (467 070,0 min dollar), Türkiyə (387 019,3 min dollar) və Çindən (246 352,7 min dollar) sonra dördüncü yerdə qərarlaşıb.